Güloğlan Cabbarov: "Neftçi"yə yeni rəhbər gətirmək lazımdır"

Güloğlan Cabbarov: "Neftçi"yə yeni rəhbər gətirmək lazımdır"
Futbol, Eksklüziv
30 Aprel 2017 - 15:33
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, "Neftçi"nin sabiq rəisi Güloğlan Cabbarov Supersport.Az saytına müsahibə verib.

Klubun keçmiş rəsmisi, "Neftçi"nin bu mövsüm antirekordlarla yadda qalması və uğursuzluğuna münasibət bildirib:

"Son üç ildə "ağ-qaralar"ın qeyri-stabil şəkildə çıxış etməsi istər azarkeşlərin, istərsə də bütün "Neftçi"sevərlərin səbr kasasını doldurub. Çünki 80 illik tarixi olan "Neftçi"də nəticə belə olmamalıdr. Bununla mən "Qarabağ", "Qəbələ" və digər klubları kiçiltmək istəmirəm. Amma 80 illik tarixi olan bir komandanın ən azı bütün finallarda iştirakı mütləq vacibdir.

Bu xalq, bu millət, elə çempion olan komandanın "Qarabağ"ın, həmçinin "Qəbələ"nin məşqçiləri, rəhbərləri gözünü açıb "Neftçi" komandasını görüb . Mən inanıram ki , elə o rəhbərliklərdə "Neftçi" kimi komandayla final oynamaq istəyirlər. Hətta inanıram ki, rəqib komandanın azarkeşləri də "Neftçi"nin bu halına acıyırlar. Əslində "Neftçi"ni bu vəziyyətdən çıxartmaq olar. Bunun üçün ilk öncə Müşahidə Şurasını ləğv etmək lazımdır. Komandanın başına məsuliyyətli və "Neftçi"ni çox sevən birini gətirmək lazımdır ki, hər kiçik çatışmazlıqla məşğul olub, komandanın bütün problemlərini kökündən həll etsin".

G.Cabbarov azarkeşlərin komandaya dəstək verməyinin mühüm olmasına diqqət çəkib:

"Azarkeşlər də komandanın yanında olmalıdırlar. Çünki azarkeş 12-ci oyunçu və komandanın varlığıdır. Azarkeş futbolçunun güzgüsüdür. Futbolçu oyun zamanı fikirləşməlidir ki, o güzgüdə özünü görməlidir. Ona görə də əzmkar futbol oynamalıdır. Qaldı ki, "Neftçi" məşqçiləri və rəhbərləri bunu bilməlidirlər ki, bu azarkeşlər hər zaman çempion olmağa alışıblar. Bu cür sonuncu yerdə olmağı heç yuxularında belə görməyiblər. Bunun üçün də istefa şüarlarına hər zaman hazır olmalıdılar. Komanda yeni mövsümə hazır olmaq üçün gecə-gündüz çalışmalı və əziyyət çəkməlidir. Azarkeşlərlə bir araya gəlib bütün məsələləri həll etməlidirlər. Hesab edirəm ki, klubda birlik olsa bütün nəticələri əldə etmək olar. Elxan müəllimi şəxsən tanıyıram, pis insan deyil. Amma azarkeşi təhqir etmək yolverilməzdir və bunu ona yaraşdırmıram".


Süleyman

Digər xəbərlər