ABDOLBARİ GÖZƏL: "QARABAĞ" AVROPALILARI DA TƏƏCCÜBLƏNDİRİR"

ABDOLBARİ GÖZƏL: "QARABAĞ" AVROPALILARI DA TƏƏCCÜBLƏNDİRİR"
Futbol
26 Aprel 2016 - 15:35
Supersport.Az-ın məlumatına görə, “Qarabağ”ın prezidenti Abdolbari Gözəl müsahibə verib.

- Vaxtilə “Qarabağ”ın prezidenti idiniz, sonra fəxri-prezident oldunuz. Abdolbari bəy bu iki dövr arasında klubda hansı dəyişikliyi hiss etdi?

- Heç bir dəyişiklik olmadı. Çünki oğlum Tahir bu işlə məşğul olur. Mənə, onsuz da, hörmət əlaməti olaraq fəxri-prezident deyirlər. Tahir özü prezidentdir, mənim oğlumdur. Hədəfimiz eynidir, fərq eləmir. “Azərsun” “Qarabağ”ı böyüdüb bu səviyyəyə gətirib. Bundan sonra da dəstəyini davam etdirəcək.

- “Qarabağ” ardıcıl 3-cü ildir çempionluğa çox yaxındır. Komandanın gələcəyini necə görürsünüz?

- Bilirsiniz, qədim bir məsəl var: daş dığırlanar, öz yerini tapar. Klubun məşqçisi də, onun heyəti də uğura inanmış fəlsəfə insanlarıdı. Onlar özündənrazı adamlar deyil. Qurban Qurbanovun necə təvazökar olduğuna fikir verin. Normalda komanda qələbələr qazandıqca baş məşqçi özünə yer tapmır, yerə-göyə sığmır. Amma baxın, Qurban müəllimdə belə hallar olurmu? O, daha çox xidmət eləməyi düşünür. Bu cür insanlarla çalışmaq bizim fəlsəfəmizə tam uyğundur. Elələri var ki, yaxşı futbol oynayırlar, ancaq onlarda insani fəlsəfə, məntiq olmur. Klubda bunu tuta bilmirlər. İstər meydanda, istərsə də kənarda hər şeyi pozurlar. “Qarabağ”ın bir ahəngdə oynaması avropalıları da təəccübləndirir. Burda “mən” yox, “biz” var. Müvəffəqiyyətimizin əsas səbəbi də budur.

- Sizcə, “Qarabağ” bu il Çempionlar Liqasının qrup mərhələsinə düşə biləcəkmi?

- İnşallah. Bu barədə düşünürük, arzu edirik. Bu, hamımızın xəyalıdır. Amma asan da deyil. Çünki orda iştirak edən klublar illərdi böyük büdcələrlə oynayır, külli miqdarda pullar xərcləyirlər. Bizim bu büdcə ilə gedib onlarla savaşmağımız belə, bir şərəfdir.

- Bu mövsüm Azərbaycan çempionatında “Qarabağ”ın rəqibi yoxdur. Komandanın bu üzdən rahat çempion olduğu deyilir. Buna münasibətiniz maraqlı olar...

- Niyə, komandalar pis deyillər. Bəziləri zəifləyib, bəziləri də güclənib. “Qəbələ”, “Zirə”, “Kəpəz” çox inkişaf ediblər. “Qarabağ”ın beynəlxalq arenada oynaması ona əlavə üstünlük verir. Yerli komandalar üçün də “Qarabağ” bir Avropa klubudur. Hamısı canla-başla çalışır ki, “Qarabağ”a qol vursun, şərəf olsun. Bir sözlə, “Qarabağ” da onların Avropasıdır.

- Transferlər üçün xərcləri artıracaqsınız, yoxsa indiki komanda sizi qane edir?

- Hələ ki, büdcəni azaltmamışıq. Çalışırıq nəyin bahasına olursa-olsun, klubu zəiflətməyək. “Qarabağ” təkcə bir futbol klubu deyil. Bu komanda Qarabağın adını daşıyır. Bəlkə bir gün torpaqlar azad olsa, bunun bir mənası olar. Amma bu gün “Qarabağ” zəifləməməlidir. Bu komandanı sona qədər dəstəkləyəcəyik.

Mənbə: apasport.az

Digər xəbərlər