AZƏRBAYCAN AVROPA KUBOKUNU QAZANDI

AZƏRBAYCAN AVROPA KUBOKUNU QAZANDI
Digər
18 Aprel 2016 - 11:34
Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub.

Azərbaycan milli komandası aktivinə daha 1 medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Paşa Əliyev Almaniya, Polşa, Avstriya, Ukrayna və Hollandiya cüdoçularını məğlub edərək finala yüksəlib. Lakin həlledici qarşılaşmada sloveniyalı Nik Janusa uduzan Paşayev gümüş medalla kifayətlənib.

Xatırladaq ki, yarışın ilk günü cüdoçularımız 9 medal qazanıb. Fərid Qəzənfərov (50 kq) Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şəfəq Həmidova (44 kq) qızıl, Elçin Hüseynov (60 kq) gümüş, Rəşxan Baxşəliyev, Rəşad Yelkiyev (hər ikisi 50 kq), Yaqub Cavadov (60 kq) və Vüsalə Kərimova (40 kq) isə mötəbər türnirin bürünc medallarına sahib olublar.

Bununla da, Azərbaycan millisi 10 medal qazanaraq komanda hesabında Avropa Kubokunu birinciliklə başa vurub.

Qeyd edək ki, 29 ölkədən 736 idmançının qatıldığı Avropa Kubokunda millimiz 26 cüdoçu (20 oğlan, 6 qız) ilə təmsil olunub.

Digər xəbərlər