Elxan Məmmədovun kadrları "vurulacaq"

Elxan Məmmədovun kadrları "vurulacaq"
Futbol, Eksklüziv
2057
27 Mart 2024 - 16:31

Supersport.Az-a daxil olan məlumata görə, AFFA-nın növbəti seçkisində rəhbərlikdə yeni adlar olacaq. 


"Neftçi"nin rəhbəri Rövşən Nəcəf ölkənin ali futbol qurumuna yeganə namizəddir. AFFA-nın əvvəlki prezidentləri Fuad Musayev, Ramiz Mirzəyev, Rövnəq Abdullayev olub. Rövşən Nəcəf qurumun 4-cü prezidenti seçiləcək.  


Azərbaycan futbolu hazırda bataqlıqdadır. Buna görə də R.Nəcəf AFFA prezidenti seçiləndən sonra üzərinə böyük yük düşəcək.  


İstənilən sahədə peşəkarlıq, ədalətli, düzgün idarəçilik olduqda inkişaf olur. "Qarabağ"ın məşhur baş məşqçisi Qurban Qurbanov bu xüsusiyyətləriylə komandasını Avropada uğurlara daşıyıb, adından söz etdirib. 


AFFA tərəfindən təcrübəli mütəxəssislərdən Qurban Qurbanov, hakim-inspektor Şahin Cəfərov və başqa peşəkarlara ədalətsizlik edildiyi üçün futbolumuzda vəziyyət ağırdır.  


AFFA-nın yeni prezidenti seçilməsi gözlənilən Rövşən Nəcəfin komandasında bəzi peşəkar mütəxəssislərin vəzifə tutacağı, ölkə futbolunu bərbad günə qoyan, qurumun keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun kadrlarının "vurulacağı" gözlənilir. İndiki baş katib Sərxan Hacıyevin bu vəzifədən yola salınacağı bildirilir. O, yalnız İcraiyyə Komitəsində yer ala bilər. 


Hakim-inspektor Şahin Cəfərov, AFFA-da maliyyə pozuntularını aşkara çıxardığı üçün Elxan Məmmədov onu qurumdan kənarlaşdırmağa qərar versə də, Məmmədov qanunsuzluq etdiyini anladıqdan sonra bunu bacarmadı. Cəfərov, Məmmədovla Sərxan Hacıyev tərəfindən arzuolunmaz şəxs hesab edilərək, 3 ildən çoxdur ki, oyunlara təyinat almır. Şahin Cəfərovun Rövnəq Abdullayevə müraciətinə də məhəl qoyulmayıb. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da bu haqsızlığa göz yumub.


AFFA-nın nizamnaməsinə, strukturuna əsasən 4 vitse-prezident də seçilməlidir. Rövşən Nəcəfin komandasında bu vəzifəyə əsas namizədlər siyahısında "Qarabağ"ın şöhrətli baş məşqçisi Qurban Qurbanovun,  "Sabah"ın prezidenti, Klublar Komitəsinin sədri Maqsud Adıgözəlovun, həmçinin İqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğlu, İctimai Televiziyanın baş direktoru, Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən İK üzvlüyünə namizədliyi verilən Balakişi Qasımovun, "Sumqayıt" FK tərəfindən İK üzvlüyünə namizədliyi irəli sürülən, "Neftçi"nin Müşahidə Şurasının sədri seçiləcəyi gözlənilən Xəyal Cəfərovun olduğu bildirilir.  


SOCAR-da vitse-prezident olan Elşad Nəsirov 21 ildir ki, AFFA-da da bu postda çalışıb. Rövşən Nəcəfin futbol qurumunda Nəsirova vəzifə verəcəyi sual altındadır. 

Elxan Məmmədovun digər yaxını Vaqif Sadıqov da federasiyadan göndəriləcək. Rauf Əliyev də bir daha vitse-prezident olmayacaq.   

Qurban Qurbanov həm AFFA-nın vitse-prezidenti, həm də milli komandaya baş məşqçi vəzifəsinə əsas namizəd göstərilir.


AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizədlərin adları isə məlumdur.


AFFA prezidentliyinə namizəd


1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən


AFFA İcraiyyə Komitəsinin üzvlüyünə 12 şəxsin namizədliyi irəli sürülüb. İK-də prezidentlə birlikdə 13 nəfər olur.


Peşəkar Futbol Liqası İctimai Birliyi - 5 yer


1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən


2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən


3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən


4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən


5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən


Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer


1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən


2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən


3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən


İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer


1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən


2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən


Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer


1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən


2. Leyla Xəlilova Rzazadə – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən


Digər xəbərlər