Türkiyədə futbol hakimlərinin qumarbaz olduğu açıqlandı - Video
Supersport.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyası prezidenti İbrahim Hacıosmanoğlu şok açıqlama verib.
Qurum rəhbəri, 571 hakimin 371-nin qumar (mərc) hesabı olduğunu, onlardan 152-sinin aktiv şəkildə oynadığını bildirib.
Hacıosmanoğlu deyib ki, araşdırmalar zamanı 10 hakim 10 mindən çox mərc oyununda iştirak edib.
"Təkcə bir hakim 18 min 227, 42 hakim isə fərdi olaraq 1000-dən çox futbol matçına pul qoyuluşu edib".
TFF prezidenti, "Türk futbolunda hər cür çirkinliyi təmizləmək bizim borcumuzdur" deyərək, günahkarların azı 5 il cəzalanacağını bəyan edib.
AFFA rəhbərliyi də yuxudan ayılaraq Azərbaycanda qumara pul qoyuluşu edən futbol adamları, klublarla bağlı araşdırma aparmalıdır. Rövşən Nəcəfin qurumu, premyer liqaya qumar şirkətini sponsor gətirməklə də ölkədə futbolun "belini qırıb". AFFA rəsmilərinin bu məsələylə bağlı araşdırma aparacağı inandırıcı görünmür. Bu mövsüm də premyer liqada şübhəli oyunlar artıb, futbol hakimləri daha çox səhvlər edirlər və sərt tənqid olunurlar.