Samir Abasovun "nağıl"ı: "Bunun cavabını tapa bilmirik"
Supersport.Az Azərbaycan Premyer Liqasının 6-cı turunda "Karvan-Yevlax"la qolsuz heç-heçəyə razılaşan "Neftçi"nin baş məşqçisi Samir Abasov oyun barədə fikir bildirib.
"Bu oyun da daxil olmaqla, rəqibə bir epizod belə vermədən, epizod yaradıb, amma qol vura bilməyib itirdiyimiz xallar, doğrudan da, üzücüdür. Xüsusilə bu gün. Çünki son matçlara baxanda, bu qədər templi, dinamik oyun, ümumiyyətlə, görməmişdim. Xal itirməyimizə baxmayaraq, futbolçulardan çox razıyam. Müdafiəyə oturmuş komandalara qarşı dərsliklərdə nə tələb olunursa, “Neftçi” bu gün, demək olar ki, hər şey elədi. Həm ortadan və cinahdan hücumlar, həm uzaqdan zərbələr – hamısı var idi, amma bəxtsizliyə o qədər məyus oluruq ki, bunun cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq və düşünürəm ki, qollar gələcək. Keçən matçdan sonra çox ümidliydik ki, artıq tilsim qırıldı, amma olmayanda olmur".
"Neftçi" 7 xalla 12 klub sırasında 8-cidir.