"AFFA rəhbərliyi dərhal istefa verməlidir" 

"AFFA rəhbərliyi dərhal istefa verməlidir" 
Futbol
776
06 Sentyabr 2025 - 02:09

Supersport.Az-ın məlumatına görə, "Göyqurdlar" Azarkeş Birliyi AFFA-nı və futbol üzrə milli komandanın oyunlarını boykot etdiyi ilə bağlı növbəti bəyanat yayıb.

 

Azarkeş qurumu, Azərbaycan millisinin bərbad oyunla İslandiyaya son məğlubiyyətindən sonra AFFA rəhbərliyinin istefasını tələb edib: 


- Təşəkkürlər, İslandiya🇮🇸! @footballiceland


Futbolun necə oynanıldığını, futbolçunun necə yetişdirildiyini və qələbənin necə qazanıldığını bizə bir daha xatırlatdığınız üçün təşəkkür edirik! Siz isə illərlə yalnız bizi aldadırsınız! @affa_official


Milli komandanın 4 gün əvvəldən “İslandiyanın havasına öyrəşmək” bəhanəsi ilə erkən səfərə çıxması, büdcəyə əlavə yük salması və rüsvayçı nəticə ilə qayıtmasının açıqlamasını tələb edirik! Biz azarkeşlər olaraq bu yanaşmanı illərdir izləyirik. Təəssüf ki, dəyişən heç nə yoxdur.


Ardıcıl 11 oyundur ki, qələbə qazana bilmir. Bu, sadəcə futbol uğursuzluğu deyil. Futbolu şəxsi layihəyə çevirən, sahədən uzaq adamların idarəçiliyinin nəticəsidir. 500 minlik ada ölkəsinə biabırçı şəkildə uduzmağın isə tək bir açıqlamasa var: millətə və bayrağa hörmətsizlik!


AFFA rəhbərliyini boykot etdiyimizi daha əvvəl bildirmişdik. Bu dəfə isə mövqeyimizi daha açıq şəkildə təkrar edirik. Futbolla əlaqəsi olmayan rəhbərlik dərhal istefa verməlidir. Boş vədlərlə azarkeşi aldatmaq dövrü bitdi. İllərdir tribunalarda olan fanatik azarkeşlər olaraq artıq bu yalanlara toxuq.


Biz heç vaxt yalnız yaxşı günün azarkeşi olmamışıq. 15 ildir ki, ardıcıl məğlubiyyətlərə baxmayaraq tribunada olmuşuq. Qələbəyə yox, bayrağa bağlı olmuşuq. Amma artıq yetər. Bu qədər sədaqətə bu qədər sayğısızlıq olmaz!


Boykot bizim cavabımızdır. Sizin üçün isə boykot belə artıq çoxdur. 


Boykot edərkən belə milliyə hörmət göstəririk. Bu etiraz AFFA-yadır, Azərbaycana yox. Biz bu komandanı bayrağına görə sevirik. Üzülürük, çünki hələ də dəyər veririk.


Milli komanda bu xalqın 1 nömrəli komandasıdır. Onu bu hala salmağa heç kimin haqqı yoxdur. Problem məşqçidə deyil, problemin adı federasiyadır.


Radikal dəyişikliklər olmasa, dəyişən heç nə olmayacaq. Tək bir adamı (baş məşqçi) qurban verməklə bu xalqı artıq aldatmaq mümkün deyil. Biz bu fəndləri 20 ildir görürük. Və artıq təcrübəliyik.


ÇAĞIRIŞIMIZ AÇIQDIR:


AFFA rəhbərliyi istefa verməyənə və köklü dəyişiklik baş verməyənə qədər, heç kim bu federasiyanın təşkil etdiyi oyunlara bilet almasın. Heç kim stadionlara getməsin!


Boykotun vaxtıdır! Tribunalar bizimdir! Milli komanda azarkeşlərindir! 🇦🇿 


#BoykotAFFA


🐺🇦🇿

Digər xəbərlər