"Azərbaycanın cüdo millisinin son çıxışına "3" verərdim"

Supersport.Az-a açıqlamasında Azərbaycanın cüdo yığma komandasının keçmiş baş məşqçisi Fərhad Məmmədov millinin son dünya çempionatlnda çıxışına münasibət bildirib.
Gürcüstan dünya çempionatında fərdi yarışların nəticəsinə əsasən, 2 qızıl, 2 gümüş, 1 bürünc medalla mükafat siyahısında üçüncü olub. Gürcülər qarışıq komanda yarışında bu il həm Avropa, həm də dünya çempionu olublar.
Azərbaycan isə Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyevin (100 kq) qazandığı üç "bürünc"lə 14-cü yerlə kifayətlənib. Dördqat Avropa, dünya və olimpiya çempionu Hidayət Heydərov isə ilk görüşdə məğlub olub.
Dünya çempionatında 93 ölkədən 556 idmançı mübarizə aparıb.
Azərbaycan ötənilki dünya çempionatında 2, həmçinin Paris Olimpiadasında 2 qızıl medal qazanıb.
Mütəxəssis Fərhad Məmmədov millinin son dünya çempionatında çıxışından danışıb.
"Azərbaycan cüdosunun durumu pis deyil. Bildiyimə görə, yaxşı şərait var, böyük məbləğdə pul verilir, hərtərəfli təminat olur. Dünya çempionatında say baxımından 3 medal zəif nəticə deyil. Olimpiadadan sonra çempionlar da dincəlirlər, bir müddət boşluqlar, toparlanmaq çətin olur. Məncə, bu problemi həll etmək olar. Ancaq ötənilki dünya çempionatıyla müqayisə etsək, milli komandanın bu dəfəki çıxışına "3" verərdim. Cüdo çətin idman növüdür, həmişə qızıl medallar qazanmaq mümkün olmur. Azərbaycanla müqayisədə Gürcüstanda cüdo bir nömrədir, bu idmanı sevən, məşğul olanlar çoxdur".
Qeyd edək ki, F.Məmmədovun milli komandada baş məşqçi olduğu (2016-2017) 1 il ərzində Avropa çempionatında 2 qızıl, 3 bürünc, dünya çempionatında 2 gümüş, 1 bürünc medal qazanıb.