Azərbaycan olimpiya çempionlarsız, ən çox idmançıyla yarışacaq

Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarına əsasən, "Dünya Cüdo Turu" seriyasına daxil olan Bakı Böyük Dəbilqə turniri 14-16 fevralda Milli Gimnastika Arenasında keçiriləcək. Yarışın mükafat fondu 154 min avrodur.
Supersport.Az-ın məlumatına görə, üç gün davam edəcək turnirdə 38 ölkədən 270 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 12 çəki dərəcəsində 24 kişi və 9 qadın idmançı ilə təmsil olunacaq.
Bakı Böyük Dəbilqə turnirinə bu gün start veriləcək, açılış mərasimi sabah keçiriləcək.
Azərbaycanın olimpiya çempionlarından Hidayət Heydərovla Zelim Kotsoyev yarışda iştirak etməyəcək. Hər iki idmançının hazırlıq planı fərqlidir. Hidayətlə Zelimin aprelin sonunda Avropa çempionatına qatılacağı gözlənilir.
Qeyd edək ki, turnirdə Azərbaycan Cüdo Federasiyasının "A" kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.


