"Neftçi"nin rəhbəri Hafiz Zeynalov olacaq
Supersport.Az-a "Neftçi" futbol klubunun yeni rəhbərinin adı məlum olub.
Saytımıza verilən məlumatda bildirilib ki, paytaxt komandasının sədri vəzifəsinə SOCAR-ın aparat rəhbəri Hafiz Zeynalov gətiriləcək.
SOCAR prezidenti Rövşən Nəcəf "Neftçi"ni AFFA-ya dəyişəndən sonra iki aydan çoxdur ki, klub "başsız" qalıb. Ölkənin köklü komandalarından birində 12 ildir ki, pullar havaya sovrulur. Bu müddətdə "Neftçi" qitə turnirlərində, ötən mövsüm isə ölkədaxili yarışlarda fiaskoya uğrayıb. Ötən sezon klub 30 milyon manatı boşuna xərcləyib.
Klubda 10 ay ərzində baş məşqçilərdən Adrian Mutu, Miodraq Bojoviç, həmçinin baş icraçı direktor Fərrux Mahmudov qovulub.
"Neftçi"nin Müşahidə Şurasının sədri vəzifəsinə SOCAR-ın Bolqarıstan ofisinin rəhbəri Murad Heydərovun gələcəyi gözlənilsə də, bu plan ləğv olunub.
Supersport.Az paytaxt təmsilçisində bu postun SOCAR-ın aparat rəhbəri, klubun Müşahidə Şurasının üzvü, 41 yaşlı Hafiz Zeynalova həvalə olunacağı haqda məlumat alıb. Yaxın günlərdə "Neftçi"də rəhbərlik probleminin həll olunacağı gözlənilir. H.Zeynalov əvvəllər İqtisadiyyat Nazirliyində işləyib. Hazırda o, həm də "Neftçi" İdman Klubunun İdarə Heyətinin sədridir.