Eksklüziv: AFFA ulduzların parladığı yarışdan imtina edib

Eksklüziv: AFFA ulduzların parladığı yarışdan imtina edib
Futbol, Eksklüziv
18 Yanvar 2019 - 23:16
AFFA-nın yarıtmaz fəaliyyəti ölkəmizə beynəlxalq aləmdə də zərbə vurur. Qurumun baş katibi Elxan Məmmədov daim inkişafdan danışır. Ancaq yığma komandaların bərbad çıxışı göz qabağındadır. AFFA rəhbərliyini futbolumuz maraqlandırmadığından bir aydan çoxdur ki, aşağı yaş qrupunda seçmə kollektivlər baş məşqçisiz qalıb. Halbuki danışanda "uşaq futbolu burdan gəldi, ordan getdi, inkişaf edir" deyirlər.

Qardaş ölkə - Türkiyədə U-16 yığma komandalarının yüksək səviyyədə beynəlxalq yarışı təşkil olunsa da, Azərbaycan kənarda qalıb.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, AFFA əvvəlcə TFF-yə ölkəmizin iştirak edəcəyini bildirsə də, sonradan futbolçularımızın iştirakı təxirə salınıb. Çoxları düşünə bilər ki, bu turnir elə də əhəmiyyətli deyil. Lakin bəzi faktlar ortaya çıxdıqda belə yarışın nə qədər mühüm, faydalı olduğu görünür.

1999-da "Bora Öztürk" adı ilə keçirilən turnir 2002-dən "Ege Kuboku" olaraq təşkil olunur. Mötəbər yarışda Ukrayna, Yunanıstan 15, Belçika 13, Rumıniya, Fransa, Çexiya 11, Norveç 8, Rusiya 6, Niderland, Danimarka, ABŞ 4, Azərbaycan, Şotlandiya 3, Slovakiya, Kosovo, Monteneqro 2, Belarus, İspaniya, İsrail, Misir, İsveçrə, Albaniya və Moldova 1 dəfə iştirak edib.

"Ege Kuboku"na indiyə qədər 23 fərqli ölkənin komandaları qatılıb. Yarış iki dəfə - 2005 və 2018-də keçirilməyib. Türkiyə ən çox - 8 dəfə qalib olub. Fransa 5-i ardıcıl olmaqla 6, Yunanistan 2, Rusiya, ABŞ və Ukrayna 1 dəfə çempionluq sevinci yaşayıb.

"Ege Kuboku"nda əvvəllər bir çox ulduz futbolçunun forma geydiyini nəzərə alasaq, nə qədər əhəmiyyət daşıdığı aydın görünür:

"Mançester Yunayted"in fransız oyunçularından Pol Poqba, Antoni Martial, "Liverpul"un belçikalı hücumçusu Divok Origi, "Everton"un fransız futbolçuları - Kurt Zuma, Din Lüka, "Arsenal"ın fransız hücumçusu Aleksandr Lakazett, "Renn"in seneqallı oyunçusu Nyanq Mbaye, PSJ-li qolkiper Alfons Areol, "Valensiya"ın afrikalı-fransız yarımmüdafiəçisi Joffre Kondoqbya, "Barselona"ın Kamerun əsilli fransız müdafiəçisi Samuel Umtiti, "Borussiya"nın (M) belçikalı forvardı Torqan Hazard, "Hoffenhaym"ın çexiyalı müdafiəçisi Pavel Kaderjabek.

Azərbaycan indiyə qədər bu yarışda 3 dəfə təmsil olunub, 20-ci "Mercedes-Benz Ege Kuboku"na qatılmaqdan isə imtina edib.

Beş gündür davam edən mötəbər yarışda 8 komanda mübarizəyə qoşulub.

"A" qrupunda Türkiyə, İngiltərə, Moldova, Albaniya seçmə komandaları yarışıb.

"B" qrupunda isə Azərbaycan yığması iştirakdan imtina etdiyi üçün əvəzinə, müsabiqədənkənar Türkiyənin B komandası İspaniya, Rusiya və Makedoniya ilə mübarziyə buraxılıb.

"A" qrupunda Türkiyə seçmə komandası Moldovaya 4-0, Albaniyaya 3-1, İngiltərəylə oyunda isə geri düşdüyü qarşılaşmada 2:1 qalib gələrək finala vəsiqə qazanıb.

"B" qrupunda İspaniya Türkiyənin B komandasını 1-0, Makedoniyanı  2-0, Rusiyanı 3-2 məğlub edərək həlledici matçda türklərin əsas komandasına rəqib olub. Türklərin ikinci yığması rusları bir qolla məğlub edib. Rusiya mətbuatı bunu biabırçılıq adlandırıb. Türkiyənin ikinci komandası 4 xalla qrupda ikinci olsa da, müsabiqədənkənar qatıldığı üçün 3 xalla üçüncü olan Rusiya yığması yarışda üçüncülük uğrunda İngiltərəylə qarşılaşacaq.

Mübariz

 

Digər xəbərlər