Rüstəm Orucovun ölkə çempionatında uğursuzluğu

Rüstəm Orucovun ölkə çempionatında uğursuzluğu
Digər, Cüdo
22 Noyabr 2018 - 17:25


Supersport.Az-ın məlumatına görə, Bakı İdman Sarayında keçirilən cüdo üzrə Azərbaycan çempionatı gözlənilməz nəticələrlə yadda qalıb. Yarışda 56 klubdan 500-dək idmançı mübarizə aparıb.

Avropa çempionu, olimpiadanın mükafatçısı, Bakıda dünya çempionatında fiaskoya uğrayan Rüstəm Orucov (81 kq) ölkədaxili turnirdə medalçılar sırasına düşə bilməyib.

Bakıdakı dünya çempionatında ikinci olan Uşangi Kokauri (+100 kq) isə gümüş medalla kifayətlənib.

Çempionatın son günü kişilərdə 4, qadınlarda da 4 çəki dərəcəsində qalib və mükafatçılar məlum olub. Orxan Səfərov (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Murad Fətiyev (81 kq), Diana Şoranova (63 kq), Süleyman Yaqubov (-100 kq), Nuranə Muradova (-78 kq), Günel Həsənli (70 kq) və Şahin Qəhrəmanov (+100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər. Mükafatçılara medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları, pul mükafatları təqdim olunub. Komanda hesabında ilk üç yeri tutan - "Neftçi", "Dinamo" və "Cüdo 2012" klublarının baş məşqçilərinə kuboklar, diplomlar verilib. Respublika çempionatının gedişini izləmək və yarışların daha peşəkar səviyyədə keçməsi üçün ölkəmizə dəvət olunan Avropa Cüdo Birliyinin Hakimlər Komitəsinin başçısı Aleksandr Yatskeviç, qurumun komissarları Frank de Bur, Frank Oçko tərəfindən birinciliyin ən yaxşı 3 hakimi müəyyənləşdirilərək onlara mükafatlar təqdim olunub. Çempionatın sonunda bu günlərdə yubileyini qeyd edən, məşqçi, Azərbaycan Cüdo Federasiyasının Yarışların Təşkili və Keçirilməsi Komitəsinin üzvü Arzu Axundova xatirə hədiyyəsi təqdim edilib.

Xatırladaq ki, çempionatın birinci günündə Leyla Əliyeva (48 kq), Rəşad Yelkiyev (60 kq), Elmira Mustafayeva (57 kq), Rüfət Məmmədov (73 kq), Aytəkin Paşazadə (+78 kq) və Məmmədəli Mehdiyev (90 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.

 

Digər xəbərlər