Hidayət Heydərov bürünc medal qazandı

Hidayət Heydərov bürünc medal qazandı
Digər, Cüdo
22 Sentyabr 2018 - 18:30


Supersport.Az-ın məlumatına görə, Bakıda davam edən cüdo üzrə dünya çempionatında kişilərin yarışında iki təmsilçimiz mübarizəyə qoşulub. Mötəbər yarışın mükafat fondu 1 milyon avrodur və 125 ölkədən 800-dək idmançı var.

73 kiloqram çəki dərəcəsində Rüstəm Orucov ilk iki qarşılaşmada ipponla qalib gəlib. İdmançımız əvvəlcə 1/32 final mərhələsində misirli Muhəmməd Mohyeldini, ardından Birləşmiş Ərəb Əmirliyinin təmsilçisi Viktor Skvortovu məğlub edib.

Rüstəm Orucov 1/8 final mərhələsində Monqolustan idmançısı Tsend-Oçir Tsoqtbaatarla qüvvəsini sınayıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə olunmuş vaxtda "qızıl xal" qazanan monqol cüdoçu qalib hesab edilib. Bir məqamı bildirək ki, Rüstəm Orucov döyüşdə aciz güləşib, fiziki yorğunluğunu aşkar göstərib. Bunun nəticəsində 2016-cı il XXXI Yay Olimpiya Oyunlarının və 2017-ci il dünya çempionatının, habelə IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı dünya çempionatında mübarizəni dayandırıb.

Kişilərin yarışında 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən daha bir idmançımız Hidayət Heydərov tatami üzərinə çıxıb. O, 1/32 final mərhələsində iraqlı Sayyad Sehenlə qarşılaşıb. Təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 finala vəsiqə qazanıb. Hidayət Heydərov (73 kq) Monako idmançısı Sedrik Bessi üzərində də tam üstünlük - ipponla qələbə qazanıb.

H.Heydərovun 1/8 finalda tacikistanlı Bəhruzi Xocazodaya qalib gəlib.

Cüdoçumuz Hidayət Heydərov növbəti mərhələdə Monqolustan idmançısı Odbayar Qanbaatarı 1:0 hesabıyla məğlub edərək, yarımfinala yüksəlib.

Təmsilçimiz dünya çempionatında bu raunda vəsiqə qazanan ilk Azərbaycan idmançısı olub.

Yarımfinalda yaponiyalı dünya çempionu Soiçi Haşimoto ilə qarşılaşan Avropa çempionu Hidayət Heydərov 4-cü dəfə də bu rəqibinə məğlub olub. İdmançımız bürünc mükafat üçün mübarizə aparıb.

Hidayət Heydərov üçüncü yer uğrunda görüşdə Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçiriyə qalib gəlib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri qarşılaşmaya baxıblar.

Bu, Azərbaycan cüdoçularının Bakıda keçirilən dünya çempionatında qazandıqları ilk medaldır.

Bu çəkidə finalda Koreya cüdoçusu Çanqrim An dünya çempionu, yaponiyalı Soiçi Haşimotonu məğlub edib.

 

Digər xəbərlər