DİN-in Gəncə regional qrupu pankart qalmaqalına münasibət bildirdi

DİN-in Gəncə regional qrupu pankart qalmaqalına münasibət bildirdi
Futbol
22 May 2018 - 17:16
Premyer Liqanın 28-ci turunun "Kəpəz" – "Neftçi" oyununda yerli azarkeşlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı pankart açmaq istəyinə polislərin qadağa qoyması və Gəncə fanatlarını həbs etməsi haqda məlumat vermişdik. "Cümhuriyyət Quran Kişilərin Nəvələriyik!" şüarının stadiona aparılmasının qarşısı alınmışdı.  

DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Supersport.Az-a ünvanladığı məktubda pankart məsələsinə münasibət bildirib:

"Bəzi xəbər saytlarında yerləşdirilmiş yazılarda Azərbaycan Premyer Liqasının 28-ci turunda Gəncədə keçirilən “Kəpəz” – “Neftçi” oyunu ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli, Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları barəsində qərəzli məlumat yayımlanıb.

Öncə onu qeyd etmək lazımdır ki, idman turnirlərində ictimai asayişin qorunmasında polis əməkdaşları üzərlərinə düşən vəzifələri lazımınca yerinə yetirirlər. Gəncədə keçirilən futbol oyunu zamanı da Gəncə şəhər BPİ-nin və onun tabeli orqanlarının əməkdaşları asayişin, təhlükəsizliyin təminində fəallıq göstəriblər.

Qeyd etmək lazımdır ki, oyun zamanı istər yerli, istərsə də qonaq azarkeşlər stadiona qeyri-qanuni hər hansı bir cism və ya əşya gətirməyiblər. Oyun öz axarında davam edib və azarkeşlərin səsləndirdiyi hər hansı bir şüar, pankarta görə polis əməkdaşları güc tətbiq etməyib. İddia edildiyi kimi, Azərbaycan Xalq Cumhuriyyəti ilə bağlı hər hansı bir yazılı və ya şifahi şüar səsləndirilməyib. Bütün bunların nəticəsi kimi, oyun zamanı və ya oyundan sonra heç kim saxlanılmayıb".

Digər xəbərlər