Kaspiyskdəki rəzalət: Nazirlik federasiyadan hesabat istəyir

Kaspiyskdəki rəzalət: Nazirlik federasiyadan hesabat istəyir
Digər, Güləş
09 May 2018 - 11:27
Rusiyanın Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatı başa çatdı. Yekunda 18 medal (4 qızıl, 5 gümüş, 9 bürünc) qazanan Azərbaycan yığması komanda hesabında üçüncü yeri tutdu. Bununla bağlı dünən mətbuat konfransı keçirən federasiyanın I vitse-prezidenti Firdovsi Umudov jurnalistlərə müsahibəsində komandamızın möhtəşəm nəticə göstərdiyini bildirdi.

Nəticə etibarilə 18 medal, həqiqətən də, möhtəşəmdi. Bu, öz yerində. Amma Umudov Kaspiyskdəki “möhtəşəm olay”dan - biabırçılıqdan bircə kəlmə belə danışmayıb.

Həmin Firdovsi bəyin istəyilə Avropa çempionatına aparılan bəzi həmkarlarımız arasında qalmaqal düşüb. Özü də olay jurnalistlərin qaldıqları evdə/oteldə deyil, yarışların keçirildiyi məkanda, xeyli əcnəbi jurnalist və idmançının gözləri qarşısında yaşanıb.

Şəxsi fikrimdi, Umudov mənə görə daha çox məşqçi kimi deyil, qalib idmançıları boynuna almaqla məşhurdu. Yeri gəldi-gəlmədi, həmişə vətənpərvərlikdən, ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etməkdən dəm vurub. Amma Kaspiyskdəki rəzalət... Bu, hələ eşitdiklərimizin cüzi hissəsidi.

Bəs Kaspiyskdə nə baş verib?

Özünü “zərərçəkən” sayan həmkarlarımızdan biri bu barədə belə yazır: “Kaspiyskdə media zonada Mayis Musayev (Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri – red.) həmkarımızın biri ilə əlbir olub məni itələdi. Hələ mənə təpik də atdı. Nə var, nə var, mən güləşdən tənqid yazmışdım. Hadisə federasiya rəhbərliyinin gözləri qarşısında oldu”.

Umudov Kaspiyskə yollanan nümayəndə heyətinin rəhbəri, millinin baş məşqçisi, eyni zamanda federasiyanın I vitse-prezidentidi. Bəyəm, hadisəyə müdaxilə edib, problemi yerindəcə həll edə bilməzdimi?

Jurnalistlər arasındakı biabırçı münasibət artıq Gənclər və İdman Nazirliyində də müzakirə mövzusudu. Qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova əməkdaşımıza bildirib ki, bu məsələ nazirliyin idman şöbəsində qaldırılıb: “Təbii ki, yazılanlar heç də xoş deyil. Əgər beynəlxalq mətbuat nümayəndələrinin qarşısında bu hal yaşanıbsa, bu, nə peşəkarlığa, nə də insanlığa sığır. Bu məsələ nazirliyin idman şöbəsində də qaldırılıb. Federasiyadan nə baş verməsi ilə bağlı hesabat istəniləcək”.

Adı qalmaqalda hallanan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev isə hadisə barədə geniş danışmaq istəməyib: "Özünü zərəçəkən kimi qələmə verən həmkarımızın dedikləri çürük iddiadı".

apasport.az

Digər xəbərlər