Mariya Stadnik Klippan turnirində gümüş medal qazandı / Foto-Video

Mariya Stadnik Klippan turnirində gümüş medal qazandı / Foto-Video
Maqazin, Digər, Güləş, Video, Foto
18 Fevral 2018 - 22:12


İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Turnir qadın güləşçilərin reytinq xallarının hesablanacağı ilk yarışdır.

Komandamızın lideri Mariya Stadnik turnirdə iştirak edib. 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ardıcıl olaraq Rumıniya, Kanada və ABŞ-dan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finala qədər üç rəqiblə görüşən Mariya Stadnik bütün görüşlərini vaxtından əvvəl və tam üstünlüklə başa vurub. Rəqiblərindən ümumilikdə 32 xal alan təmsilçimiz heç bir rəqibinə xal verməyib. Həlledici görüşdə Olimpiya Oyunlarının 2 qat gümüş və bürünc mükafatçısı, Dünya və 6 qat Avropa çempionu Mariya Stadnikin rəqibi ötən ilin Asiya və Dünya çempionu Yui Susaki olub.

Gərgin keçən final qarşılaşmasında son saniyələrdə 2:1 hesabı ilə üstün olan Mariya Stadnik bu üstünlüyü qoruya bilməyib və qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. Son xalı rəqib qazandığından görüşün qalibi də o olub. Mariya Stadnik turnirin gümüş medalına yiyələnib.

50 kq 
FINAL - Mariya Stadnik - Yui Susaki (JPN) 2:2*
1/2 final - Mariya Stadnik - Amy Ann Fearnside (USA) 10:0 (1 dəq. 59 san.)
1/4 final - Jessica Anne Marie Macdonald (CAN) - Mariya Stadnik 0:12 (4 dəq. 35 san.)
1/8 final - Emilia Alina Vuc (ROU) - Mariya Stadnik 0:10 (1 dəq. 42 san.)

Məlumat üçün bildirək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan Qitə və Dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.






Digər xəbərlər