Qurban Qurbanov: "Qardaş klubun iziylə gedəcəyik"

Qurban Qurbanov: "Qardaş klubun iziylə gedəcəyik"
Futbol
24 Noyabr 2017 - 21:31
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" qış fasiləsində "Beşiktaş"la yoldaşlıq oyunu keçirəcək.

Bu haqda "Habertürk" məlumat yayıb.

Azərbaycan klubunun rəsmiləri yaxın müddətdə İstanbula gedərək Türkiyə çempionunun klub və oyunçu sistemi barədə məlumat alacaq, həmçinin bir problem olmasa komandalar arasında yoxlama matçı təşkil olunacaq. Oyunun yanvarda keçirilməsi planlaşdırılır.

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəşlə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov arasında Bakıda keçirilən görüşdə belə qərar verildiyi bildirilir.

Q.Qurbanov söhbət zamanı "Beşiktaş"ın uğuruna sevindiyini və bu komandadan nümunə götürdüyünü bildirib:

"Bir müsəlman və qardaş komandanın Çempionlar Liqasında möhtəşəm çıxışı Azərbaycan xalqını çox sevindirib. Burda hamı sizin haqqınızda danışır. Həm klub, həm də məşqçi kimi sizdən örnək götürürük və buna davam edəcəyik. Bir türk məşqçinin uğuru bizi qürurlandırır. Sizə təşəkkür edirik. "Beşiktaş"ı qardaş klub seçib onun izi ilə gedəcəyik. İnşAllah, biz də gələcəkdə sizin kimi uğurlar qazanarıq".

Şenol Günəş də Azərbaycanda "Qarabağ" kimi komandanın olduğundan qürurlandığını və doğru yolda olduğunu qeyd edib:

"İnkişaf etməkdə olan futbol ölkəsi üçün böyük uğur əldə etdiniz. Çempionlar Liqasına düşmək səbr tələb edir. Biz də bu yerə belə gəlmişik. Bir türk kimi, qardaş ölkə Azərbaycandan belə komanda çıxdığı üçün qürurluyuq. Əlimizdən gələn qədər hər cür köməyə hazırıq. Planlı və proqramlı çalışaraq, daha yaxşı yerlərə gələcəyinizə əminəm".

Qeyd edək ki, Çempionlar Liqasında "Portu" ilə oyunda "Beşiktaş"ın qrup liderliyini və 1/8 finala vəsiqəni təmin etməsindən sonra Bakı Olimpiya Stadionu ağ-qara rənglərə boyanmış və "Come to Beşiktaş" yazılmışdı. "Qarabağ"ın bu jestinə qarşılıq verən türk klubunun baş məşqçisi Şenol Günəş və direktoru Ali Nabi Bakıya gələrək Qurban Qurbanov və klub rəhbərliyi ilə görüşüb, "Çelsi" ilə oyunu canlı izləmişdi. Şenol Günəş Qurban Qurbanova Pepenin, "Qarabağ"ın baş məşqçisi isə ona klubun formasını hədiyyə etmişdi.

 

Digər xəbərlər