Azərbaycan cüdosunda əlamətdar hadisə

Azərbaycan cüdosunda əlamətdar hadisə
Digər, Cüdo
04 Noyabr 2017 - 19:14
Supersport.Az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının təlim-məşq zalının açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, federasiyanın İcraiyyə Komitəsinin üzvləri, tanınmış idman mütəxəssisləri iştirak ediblər.

Əvvəlcə açılış rəmzini bildirən qırmızı lent kəsilib. Qonaqlar yeni yaradılmış cüdo zalı ilə tanış olublar. Nəfis dizaynda tərtib edilmiş zalda Azərbaycanın cüdo tarixində uğur qazanmış olimpiya, dünya və Avropa çempionatının qalib və mükafatçılarının şəkilləri, zəfərlərlə dolu anlar həkk edilən foto-stendlər var. Müasir və tam standartlara cavab verən idman qurğuları ilə təmin olunmuş zalda tibb məntəqəsi, soyunub-geyinmə otaqları və duş kabinləri də yaradılıb. Cüdo zalında əsas milli komandamızla yanaşı gənclər və qadınlardan ibarət yığmaların üzvləri məşq edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov idmançı və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verdi. Bildirildi ki, yeni zalda tanınmış cüdoçularımızın iştirakı ilə kiçik yaşlı yeniyetmə idmançılara master-klasslar keçiriləcək.

Açılış mərasimindən sonra 2017-ci ilin cüdo yekunlarına həsr edilmiş iclas keçirilib. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev son 2 ildə əldə olunan uğurlardan bəhs edib. Federasiya prezidenti növbəti ilin may ayında Heydər Əliyev adına "Böyük Dəbilqə" yarışının, eləcə də, sentyabrda dünya çempionatının Bakıda keçiriləcəyini diqqətə çatdıraraq 2018-ci ilin daha ağır və məsuliyyətli olacağını vurğulayıb.

Sonra cüdo üzrə Azərbaycan milli komandasının yeni baş məşqçiləri təqdim olunub. Kişilərdən ibarət əsas milli komandaya Olimpiya Oyunlarının mükafatçısı, əməkdar idman xadimi ukraynalı mütəxəssis Ruslan Maşurenko, qadınlardan ibarət milli komdaya isə dünya və Avropa çempionu, Belarusun əməkdar idman ustası adına layiq görülmüş "Şöhrət" ordenli Natiq Bağırov başçılıq edəcək.

Tədbirdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxış edərək 2017-ci ildə Azərbaycan cüdoçularının beynəlxalq yarışlarda qazandıqları uğurlar barədə hesabatı diqqətə çatdırıb.

Cari ildə rəsmi beynəlxalq yarışlarda rekord sayda medalların və tarixi nailiyyətlərin qazanıldığı bildirilib. Belə ki, bu müddət ərzində böyüklər, gənclər, yeniyetmələr, paralimpiyaçılar və veteranlardan ibarət milli yığma komandalarımızın üzvləri iştirak etdikləri 37 beynəlxalq səviyyəli yarışda 189 medal qazanıblar. Bunlardan 68-i qızıl, 57-si gümüş və 64-ü bürünc medaldır.

Qeyd olunub ki, Azərbaycan Cüdo Federasiyası mütəmadi olaraq cüdo üzrə bütün milli komandalarımızın yerli və beynəlxalq təlim-məşq toplanışlarını yüksək səviyyədə təşkil edir, cüdoçularımızın hazırlıq planı üzrə nəzərdə tutulan bütün beynəlxalq yarışlarda iştirakını nizamlayır, onlara öz diqqət və qayğısını əsirgəmir.

Federasiya fəaliyyətinin prioritet istiqamətlərindən biri də bölgələrdə cüdonun inkişaf etdirilməsidir. Bu sahədə artıq bir-neçə regional cüdo mərkəzlərinin açılışı baş tutub, Federasiya tərəfindən cüdo tatamiləri və kimano geyim dəstləri bu zallarda təmənnasız məşq etməyə cəlb olunan yüzlərlə yeniyetmələrin istifadəsinə verilib. Bu iş qarşıdan gələn illərdə də tərəfimizdən müntəzəm olaraq davam etdiriləcək. Həmçinin, cari ilin ötən ayı ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla respublikamızın 7 bölgəsində 2 yaş qrupunda yeniyetmələr arasında regional birinciliklər, o cümlədən Sumqayıt və Bakı şəhərlərinin birincilikləri keçirilib. Bölgə idmançılarının böyük axını müşahidə olunan regional birinciliklərdə yüksək təşkilatçılıq səviyyəsi və iştirakçıların rekord sayı mütəxəssislərə seleksiya işlərinin aparılması və yığma komandalara yeni namizədlərin hazırlanması üçün əlverişli şərait yaratmışdır. Belə ki, təyin olunmuş şəhərlərin əsasən Olimpiya Komplekslərində təşkil olunmuş bu yarışlarda Respublikamızın 47 şəhər və rayonundan 2000-dən artıq yeniyetmə idmançı iştirak edib, qalib və mükafatçılar qarşıdan gələn Azərbaycan birinciliklərində iştirak etmək hüququ qazanıblar.

Yığıncaqda həmçinin, əməkdar məşqçi Ağayar Axundzadə çıxış edərək idmançılar və məşqçilərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev 2017-ci ilin son aylarında yüksək nəticələrə imza atmış məşqçilərə, idmançılara hədiyyə və mükafatlar təqdim edib.

Azərbaycan milli komandasının kapitanı Elxan Məmmədov isə bütün cüdoçular adından cənab Rövnəq Abdullayevə xatirə hədiyyəsini təqdim edib. Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

 

Digər xəbərlər