Qınamayın azarkeşi, Qurban müəllim!

Qınamayın azarkeşi, Qurban müəllim!
Futbol, Yazarlar
23 Sentyabr 2017 - 16:20
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” çempionatımızda ev oyunu keçirir (dünən “Tofiq Bəhramov”da “Sumqayıt”la), stadiona vur-tut 500-600 nəfər azarkeş gəlir.  Baxırsan, tribunalara, bom-boşdu. Hamı da bu ağrılı mənzərəni seyr edir. Sən, mən, “Çelsi”, “Atletiko”, “Roma”...

Biz əlbəttə ağrıyırıq, onlarsa ya təəccüblənir, ya da gülürlər. Axı, ÇL-in qrupunda oynayan komandanın azarkeşi öz komandasına bu qədər laqeyd yanaşmamalıdı,  stadionu doldurmalıdı.

Adətən, təmkinli, səbirli olan Qurban Qurbanov belə gileyləndi ki, matça daha çox azarkeş gəlməliydi. Narahatlığını başa düşmək olar. Amma zorla da sevgi olmur. Baxmaq istəmir bu çempionata bizim insanlar. Məlum, çempionat deyil, oyuncaqdı. Kim də ürəyi nə istəyirsə, ona edir. Göz görə-görə klublar bir-bir dağılır, bölgələrdə futbol can verir, daxili yarışa hamıda ikrah yaranıb. İnsanlar yerli futboldan üz döndərib. Ona görə dolmur tribunalar. Dolmayacaq da.

Çünki azarkeşdən daha əvvəl o tribunaya AFFA-nın şefi Rövnəq Abdullayev gəlməlidi, amma gəlmir.

Baş katib Elxan Məmmədov gəlməlidi, o da gəlmir.

Çempionatı keçirən Ramin Musayev gəlməlidi, hətta o da gəlmir.

Amma avrokuboklarda onlar həmişə tribunalarda (VİP-də) ön cərgələrdə olurlar, qələbə olan kimi də sinələrini qabağa verib, “biz tarix yazırıq” deyirlər. “Qarabağ”ın uğurunu mənimsəyirlər.

Yeri gələndə hətta “Qarabağ”ı oynamaq istəmədiyi Bakı Olimpiya Stadionuna da getməyə məcbur edirlər. Bilet satışını ələ keçirirlər. Pul qazanırlar. Yəni pul olan yerdə stadionu doldura bilirlər. Kaş bu qədər canfəşanlığı elə daxili çempionata münasibətdə də göstərə idilər.

Amma göstərmirlər, istəmirlər, veclərinə deyil. Deməli, futbolun patronları özləri stadionlara gəlməyənə qədər biz cörəyi daşdan çıxan kasıb azarkeşə işini tulla kənara, gəl oyuna bax deyə bilmərik.

Yəni qınamayın azarkeşi, Qurban müəllim.

Qınanmalı onlar deyil...

 

Aydın Bağırov

qol.az

Digər xəbərlər