"Qızıl medal qazanıb Azərbaycanın cüdo tarixinə düşmək istəyirdim" - Orxan

"Qızıl medal qazanıb Azərbaycanın cüdo tarixinə düşmək istəyirdim" - Orxan
Digər, Cüdo
29 Avqust 2017 - 18:07
Ümid edirəm ki, dünya çempionatında qazandığım gümüş medal komandamızı yüksək nəticələr göstərməyə ruhlandıracaq.

Supersport.Az xəbər verir ki, bunu Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında 60 kiloqram çəki dərəcəsində ikinci yeri tutan Orxan Səfərov “azerijudo.com” saytına müsahibəsində deyib.

Çempionatda inamla çıxış edərək Olimpiya Oyunlarının mükafatçıları, Rio Olimpiadasının finalçısı Yeldos Smetova və gümüş medalçısı Diyorbek Uruzboyevə qalib gələn idmançımız finalda yapon cüdoçusu Naohişa Takato ilə mübarizədə ikinci yerlə kifayətlənməli olub.

Əsl hədəfinin qızıl medal olduğunu vurğulayan idmançımız deyib: “Finalda yalnız qızıl medal uğrunda mübarizə aparmaq istəyirsən. Qızıl medal qazanıb Azərbaycanın cüdo tarixinə düşmək istəyirdim. Çünki bu gün yalnız Elxan Məmmədov bu titulu qazanmağa müvəffəq olub. Kapitanımızın göstərdiyi nəticəni təkrar etmək istəyirdim”.

Gələn il Bakıda keçiriləcək dünya çempionatında birinci yerə iddialı olduğunu deyən O.Səfərov finala gedən yolda qarşılaşdığı rəqibləri - Olimpiada mükafatçıları Smetov və Urozboyev üzərində qələbələr barədə də təəssüratlarını bölüşüb: “Onların mübarizə üslubu fərqlidir. Urozboyev daha açıq vuruşur və mən ona qalib gələcəyimə inanırdım. Mənə sadəcə gözləmək lazım idi və özbəkistanlı idmançı səhvə yol verməyə başladı. Smetovu isə fəndlə tutmaq çətindir. Olimpiadanın yarımfinalındakı məğlubiyyəti nəzərə alaraq deyə bilərəm ki, mənim başlıca mübarizəm onunla oldu. Çox istəyirdim ki, onu məğlub edim və bunu bacardım”.

Gərgin keçən final qarşılaşması barədə danışan cüdoçumuz deyib: “Mən solaxayam və Naohişa qarşılaşma boyunca mənim sol əlimi nəzarətdə saxlayırdı. Üstəlik, yapon cüdoçu bəstəboydur və sol əlini geri çəkib yalnız aşağıdan həmlə edir. İlişdirmə və pəncə ilə vurma onun sevimli fəndləridir. Əks halda, nəticə başqa cür də ola bilərdi. Takatoya qalib gəlmək üçün onu qabaqlamaq, sol əlini bağlamaq və sağ tərəfində dayanmaq lazımdır. O zaman yapon idmançısına qalib gəlmək mümkündür”.

Dünya çempionatında cüdo üzrə Azərbaycan yığmasından gözləntilər barədə suala cavabında O.Səfərov qeyd edib: “Bu, bizim tariximizdə ən güclü komandamızdır. Şadam ki, elə ilk gündə fərqlənə bildim və uşaqları ruhlandırdım. Əminəm kimi, mükafatlarımız, o cümlədən qızıl medallarımız olacaq”.

Digər xəbərlər