Şəhidin xatirə turniri

Şəhidin xatirə turniri
Digər, Taekvondo
01 İyul 2017 - 09:36
Tovuz Olimpiya İdman Kompleksində şəhid Zaur Axundovun xatirəsinə həsr olunan taekvondo üzrə açıq birincilik keçirilib.

Supersport.Az xəbər verir ki, Tovuz Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə uşaq, yeniyetmə və gənc taekvondoçular arasında təşkil edilən turnirin məqsədi bölgələrimizdə taekvandonun təbliği və inkişafına nail olmaq, eləcə də idmançıların təcrübələrinin və ustalıq səviyyəsinin artırılması olub.

Yarışın açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, region üzrə əmək müfəttişliyinin rəisi Elçin Süleymanov, Azərbaycan Taekvando Federasiyasının baş katibi Həmdiyyə Məmmədov və digərləri şəhid Zaur Axundovun keçdiyi həyat yolundan, Qarabağ döyüşlərində göstərdiyi şücaətlərindən söz açıb və gələcək nəslin Zaur kimi mübariz olmasını arzulayıblar.

Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışan çıxışçılar Tovuz rayonunda yerli idmançıların, o cümlədən taekvondoçuların ölkəmizdə və beynəlxalq yarışlarda qazandığı nailiyyətləri qeyd ediblər. Tovuz rayonunda taekvando idman növünün sevildiyi və bütün yaş qruplarında fəaliyyət göstərən klub və bölmələrin uğurla fəaliyyət göstərdiyi iştirakçıların diqqətinə çatdırılıb.

Yarışda Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən taekvando bölmələrinin və klublarının 430 uşaq və yeniyetmə idmançısı mübarizə aparıb.

Sonda birincilikdə bütün yaş qrupları və hər çəki dərəcəsi üzrə fəxri yerləri tutmuş idmançılara diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.

Digər xəbərlər