“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Azərbaycan Televiziyasında yayımlanacaq

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Azərbaycan Televiziyasında yayımlanacaq
İslamiada-2017, Digər
14 Aprel 2017 - 20:04
"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi mayın 12-22-də Bakıda keçiriləcək bu mötəbər idman yarışının “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) tərəfindən yayımlanacağını elan edib.

Supersport.Az xəbər verir ki, razılaşmaya əsasən, AzTV və “İdman Azərbaycan” kanalı Oyunlarla əlaqədar yayım materiallarından müvafiq olaraq, mayın 12-də və 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərinin canlı yayımlanması, Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram, Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanın canlı yayımlanması, Oyunlar haqqında iki saatlıq proqram hazırlamaqla bağlı xüsusi istifadə hüququna malik olacaq.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Elsevər Dünyamalıyev bu barədə fikirlərini bildirərkən deyib: “Biz “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını Azərbaycan xalqına çatdıracağımız üçün qürur duyuruq. Ölkəmizdə keçirilən mötəbər tədbirlər AZTV və “İdman Azərbaycan” kanalları vasitəsilə daim yüksək səviyyədə yayımlanıb. IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan istisna təşkil etmir. Bu Oyunları yayımlamaqla yalnız Azərbaycanda deyil, bütün İslam dünyasında İslam həmrəyliyi ruhunu təbliğ edəcəyik. IV İslam Həmrəyliyi Oyunları heyrətamiz beynəlxalq idman tədbiri olması ilə seçiləcək”.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib: “Biz Azərbaycanın aparıcı yayım şirkəti olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə böyük məmnuniyyətlə tərəfdaşlıq edirik. AzTV ölkəmizdə keçirilən irimiqyaslı tədbirlərin yayımlanması istiqamətində böyük və zəngin təcrübəyə malikdir. Bu mötəbər yarışa ev sahibliyi edən ölkənin yayım hüququ olan şirkəti kimi AzTV “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yayımlanmasını təmin edəcək”.

Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək. Oyunlarda 57 İslam ölkəsinin idmançıları 20 idman növü üzrə 270 dəst medal uğrunda mübarizə aparacaqlar. Atletlər on yarış günü ərzində idmanın 20 növü (23 kateqoriya) - atletika və para-atletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağır atletika üzrə 16 müasir idman qurğusunda keçiriləcək yarışlarda güclərini sınayacaqlar.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 24-də İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunan VIII Baş Assambleyasında qəbul edilib. 2015-ci il sentyabrın 18-də Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevadır.

Digər xəbərlər