“Qarabağ” azarkeşləri kubokun finalının məkanının dəyişdirilməsini istəyir

“Qarabağ” azarkeşləri kubokun finalının məkanının dəyişdirilməsini istəyir
Futbol
11 Aprel 2017 - 10:27


“İmarət” Fan-klubu mayın 5-də “Qarabağ” və “Qəbələ” arasında Azərbaycan kubokunun final oyununun Naxçıvandan başqa şəhərə keçirilməsi ilə bağlı bəyanat yayıb.

 

Supersport.Az saytı fan-klubun yaydığı bəyanatı təqdim edir:

 

“Naxçıvanın Azərbaycan Respublikasının digər əraziləri ilə quru sərhədi olmaması hamımıza bəllidir. Bu səbəbdən doğma şəhərimizə gediş-gəliş digər regionlarımıza səfər etməkdən daha çətin başa gəlir. Mayın 5-də keçiriəcək “Qarabağ” – “Qəbələ” matçında iştirak etmək üçün ilk ağıla gələn seçim avtobusla səfəri təşkil etmək olsa da, əsində bu ən çətin olanıdır. Belə ki, avtobusla gediş-gəliş üçün hər birimizə həm passport, həm də 3 gün vaxt lazım olur. Çünki quru yolu ilə getmək üçün İran İslam Respublikasından keçmək labüddür. Digər seçim hava yolu ilə Naxçıvana yollanmaqdır ki, bunun üçün də bir nəfərin təkcə bilet xərci 120 manat tələb edir. Azarkeş qrupumuzdan 40 nəfərin (ən azı) Naxçıvana yollanacağı halda 4800 manat pul lazımdır ki, mövcud vəziyyətdə bu məbləğ bir azarkeş qrupu üçün çox ciddi rəqəmdir. Doğrudur, biz “Qarabağ”ımız üçün hər cür çətinliyi sinə gərmişik və gələcəkdə də eyni qətiyyəti sərgiləməyə hazırıq. Lakin kubokun final matçının elə də möhtəşəm stadionu olmayan və qət ediləsi məsafəsi ən uzaq olan bir şəhərimizə təyin edilməsi bizi narahat edir.

 

İndiyədək möhtəşəm kubok final matçları təşkil edən Peşəkar Futbol Liqası rəhbərliyinə müraciət edərək bildiririk ki,biz sizin seçiminizi başa düşürük. Sizlər Naxçıvanımızın insanlarının da futbolsuz qalmaması, heç olmasa, ilin bir günü də həmin şəhərdə futbol bayramının yaşanması üçün bu cür addım atmısınız. Bizlər də, illərdir doğma şəhəri doğma komandasına həsrət qalan azarkeşlər kimi bizim üçün ən dəyərli varlığımız “Qarabağ”ımızı final matçında yalnız buraxmaq istəmirik. İnanırıq ki, Sizlər tamaşaçı xoşbəxtliyi üçün azarkeş əziyyətini qurban verməyəcək və bu məsələyə bir daha nəzər yetirəcəksiniz. “İmarət” azarkeş qrupu olaraq Peşəkar Futbol Liqası rəhbərliyindən Azərbaycan kubokunun final matçının keçirilmə yerinin dəyişdirilməsini xahiş edirik”.

Digər xəbərlər