Taekvondo yığmamızdan 4 idmançı kənarlaşdırıldı

Taekvondo yığmamızdan 4 idmançı kənarlaşdırıldı
Digər, Taekvondo
14 Mart 2017 - 18:43
Bu gün Gənclər və İdman Nazirliyində Niderlandın Eyndhoven şəhərində keçirilən "Dutch Open"də 10 medal qazanan taekvondo millimiz və Bakıda təşkil olunmuş "Böyük Dəbilqə"də 7 mükafata sahib çıxan cüdo yığmamızla görüş keçirib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, taekvondo və cüdo yığma komandalarımızın məşqçilər korpusu, idmançılar iştirak edib.

Hər iki növ üzrə yığmalarımızın çıxışını uğurlu adlandıran Mansurov, İslam Həmrəyliyi Oyunlarında komandalarımıza nailiyyətlər arzulayıb.

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Fərhad Məmmədov bildirib ki, komandamız ötən illə müqayisədə daha yaxşı çıxış edib:

"1 qızıl, 2 gümüş və 4 bürünc medal qazandıq. Bu, yaxşı nəticədir. Əsas məqsədimiz İslamiadadır. Ümid edirik ki, orda da inamlı çıxış edəcəyik".

Məmmədovun fikrincə, 73 kq çəki dərəcəsində Rüstəm Orucovla Hidayət Heydərov kimi güclü idmançılar olsa da, onların çəki dərəcəsini dəyişdirməsi gündəmdə deyil. Məşqçilər korpusu qeyd ediblər ki, bu, yığmada rəqabəti daha da gücləndirir.

Taekvondo üzrə kişilərdən ibarət millinin böyük məşqçisi Rəşad Əhmədov da komandamızın 10 medal qazanmasını uğurlu nəticə hesab edib. Onun szölərinə görə, hər şey İslam Həmrəyliyi Oyunlarında uğurlara hesablanıb:

"İslam Həmrəyliyi Oyunlarında da xalqımızı sevindirməyə çalışacağıq".

Qadın taekvondoçulardan ibarət komandanın baş məşqçisi Elnur Amanov da fikirlərini bildirib:

"Yığmada ilk sınağım Türkiyədə oldu. Bu yarışdan sonra 4 idmançını komandadan uzaqlaşdırdım. Niderlandda 2 medal verdik. Komandada işləyirik və inanırıq ki, qarşıdakı yarışlarda daha uğurlu çıxış edəcəyik".

Niderlandda qalib olan Fəridə Əzizova İslamiadada da yüksək nəticə qazanmağa çalışacağını söyləyib.

Qeyd edək ki, G1 kateqoriyalı "Dutch Open"də təmsilçilərimizdən Xanoğlan Kərimov (45 kq), Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq), Ramin Əzizov (87 kq), Radik İsaev (+87 kq), Fəridə Əzizova (67 kq) qızıl, Ayaz Qənbərli (51 kq), Darya Şkurko (62 kq) gümüş, Ayxan Tağızadə (68 kq) və Cavad Ağayev (63 kq) bürünc medal qazanıblar.

"Böyük Dəbilqə"də isə Rüfət İsmayılov (81 kq) çempion olduğu halda, Məmmədəli Mehdiyevlə (90 kq) Elmar Qasımov (100 kq) ikinici, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (100 kq) və Xanım Hüseynova (63 kq) üçüncü yeri tutub.

Digər xəbərlər