Rüstəm Orucov: "Əsas məqsəd İslam Həmrəyliyi Oyunlarıdır"

Rüstəm Orucov: "Əsas məqsəd İslam Həmrəyliyi Oyunlarıdır"
Digər, Cüdo
24 Fevral 2017 - 12:33

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının cüdo üzrə gümüş medalçısı Rüstəm Orucov idmançı səfiri olduğu "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatına hazırlığı barədə danışıb.


Supersport.Az xəbər verir ki, "Bakı 2017"nin rəsmi saytına müsahibə verən 26 yaşlı idmançı əsas məqsədlərinin İslamiadada daha yaxşı çıxış etməkdən ibarət olduğunu bildirib. O, Bakıda keçiriləcək Oyunlara çox ciddi hazırlaşdıqlarını vurğulayıb:


"Dayanmadan çalışırıq. İslamiadadan əvvəl Avropa çempionatı var, ora da hazırlaşırıq. Lakin əsas məqsəd İslam Həmrəyliyi Oyunlarıdır. İnanıram ki, yaxşı olar".

Orucov bildirib ki, məşq etməkdən ləzzət alır: "Əlbəttə, yoruluruq, amma bu, mənim işimdir. Bu işdən ləzzət alıram. 3-5 gün məşq etməsən, görürsən ki, evdə dözə bilmirsən. İstəyirsən məşq edəsən. Hər gün məşq etmək bir nömrəli məqsəd olmalıdır. Sonra səbr və güc gəlir".


Tatami ustası mətbuatı izlədiyini, idman xəbərlərini internet, qəzet və jurnallardan oxuduğunu söyləyib. Yemək zövqündən söz açan cüdoçu kababları və yarpaq dolmasını sevdiyini vurğulayıb. Onun ən çox sevdiyi içki isə kofedir.


Avropa çempionatı 20 - 23 apreldə Polşanın paytaxtı Varşavada keçiriləcək.



Digər xəbərlər