Finalda döyüşməyən iki boksçu çempion oldu

Finalda döyüşməyən iki boksçu çempion oldu
Digər, Boks
31 Yanvar 2017 - 01:30
Supersport.Az-ın məlumatına görə, kişi boksçular arasında 10 çəki dərəcəsində ölkə çempionunun adına aydınlıq gəlib.

49 kq-da Araz İmaməliyev ən güclü olub. O finalda Rüfət Hüseynovu məğlub edib. 52 kq-da final döyüşündə Məsud Yusifzadə Qoşqar Səfərli ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada Məsud Yuzifzadə qalib elan edilib. 56 kqda Tayfur Əliyev qızıl medal qazanıb. Bakı Avropa Oyunlarının bürünc medalçısı həlledici döyüşdə Tural Əhmədovdan güclü olub. Tayfur Əliyevin qardaşı Sərxan Əliyev isə gümüş medalla kifayətlənib. 60 kqda çıxış edən Sərxan finalda Cavid Çələbiyevlə qarşılaşıb. Döyüş daha təcrübəli Cavidin qələbəsi ilə başa çatıb. 64 kqda İman Əhmədli finalda Elnur Əliyevi məğlub edərək qızıl medal əldə edib. 69 kqda Roman Zakirov və 75 kqda Kamran Şahsuvarlı Azərbaycan çempionu adını qazanıb. Qeyd edək ki, hər 2 boksçunun rəqibi zədə səbəbindən final döyüşünə çıxmayıb. 81 kqda Eldar Quliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Rauf Rəhimova qalib gəlib. 91 kqda Teymur Məmmədov ən güclü olduğunu sübüt edib. O, finalda Rahib Məmmədlini məğlub edib. Ən ağır çəkinin final qarşılaşmasında Asəf Aslanlı ilə Ağalar Sadiqzadə üz-üzə gəlib. Bu döyüşdə Ağalar Sadiqzadə sevinən tərəf olub.

Qadınlar arasında isə 4 çəki dərəcəsində qalib müəyyənləşib. 48 kq çəkidə Dinarə Fətəliyeva Azərbaycan çempionu olub. O, finalda İlahə Ağamirzəyevaya qalib gəlib. 51 kqda Anaxanım Ağayeva Viktoriya İsmayılovanı məğlub edərək qızıl medal qazanıb. 57 kqda Məhsəti Həmzəyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Aliyə Vəlizadədən güclü olub. Ən ağır çəkidə – 64 kqda isə Məryəm Cəbrayılova ölkə çempionu adına layiq görülüb. Şəhla Allahverdiyeva isə gümüş medalla kifayətlənib.

Digər xəbərlər