"Kəpəz"in futbolçusu: "Əziyyət çəkməsək, məqsədə çatmaq mümkün olmayacaq"

"Kəpəz"in futbolçusu: "Əziyyət çəkməsək, məqsədə çatmaq mümkün olmayacaq"
Futbol
16 Yanvar 2017 - 19:55
"Kəpəz” çempionatın ikinci hissəsi üçün çalışmalarını Bakıda davam etdirir.

 

Supersport.Az xəbər verir ki, Gəncə təmsilçisi əvvəlcədən tərtib olunmuş plan üzrə hazırlaşır. "Sarı-göylər"in futbolçuları Nicat Qurbanov və Novruz Məmmədov toplanışla bağlı fikirlərini klubun saytına bildiriblər:

 

Nicat Qurbanov: “Hazırlığımız yaxşı gedir, səhərlər dəniz kənarında, axşam meydançada məşq edirik. Fasilə müddətində də boş oturmamışıq. Məşqçilər korpusunun tapşırığına əsasən, aktiv istirahət keçirmişik. Yəni peşəkarlığa uyğun olaraq fərdi şəkildə hazırlaşmışıq. Yüngül məşqlərlə də olsa, formamızı qorumağa çalışmışıq. Bu mənada təlim-məşq toplanışında deməzdim ki, axsamalar var. Düzdü, istirahətdən sonra müəyyən çətinlik olmalıdı. Çünki toplanışla fərdi məşqlər fərqlidi. Artıq hazırlığa uyğunlaşmışıq, hər şey plan üzrə davam edir. Məşqlər ağır keçir ki, bu da başa düşüləndi. Çempionata belə hazırlaşmaq lazımdı. Əziyyət çəkməsək, məqsədə çatmaq mümkün olmayacaq. Qarşıda yoxlama oyunları da var. Öz formamızı bərpa edib, mövsümün ikinci hissəsinə yaxşı başlamaq istəyirik”.

 

Novruz Məmmədov: “Hazırlıq plan üzrə gedir. Səhərlər fiziki məşqlər olur, günün ikinci hazırlığında isə toplarla taktiki-texniki yöndə çalışırıq. Hamımız səylə işləyirik, istəyimiz mövsümün qalan hissəsində daha yaxşı çıxış etmək, turnir cədvəlində irəliləməkdi. Bu istəyimizə də nail olmaq üçün əlimizdən gələni edəcəyik. Əvvəlcədən toplanışın çətin keçəcəyini bilirdik. Ona görə də düşərgəyə hazırlıqlı qoşulmuşuq. Fasilə müddətində boş oturmamışıq. Çünki tapşırıq belə olmuşdu. İndi də verilən tapşırıqları dəqiqliklə yerinə yetirməyə səy göstəririk, ağır olsa belə, dözürük. Futbolçunun işi həmişə oyuna, məşqə hazır olmaqdı. Özümüzü bir daha məşqçilərə göstərməyə çalışırıq. Onsuz da çempionat dövründə hamımız müəllimlərimizin etimadını qazanmağa çalışmışıq. Əsas heyətə kim layiqdirsə, seçim onun üzərindədi. Bizim üçün ilk növbədə “Kəpəz”in uğuru dayanır. Əsas məsələ komandanın nailiyyətidi”.

Digər xəbərlər