"QARABAĞ"IN ZƏFƏR GECƏSİ

"QARABAĞ"IN ZƏFƏR GECƏSİ
Futbol, Yazarlar
06 Noyabr 2016 - 11:24
Allaha güvənərək Yunanıstana qələbəmizi izləmək arzusuyla yollanmışdım. Daxilimdə belə bir hiss vardı ki, "Qarabağ" səfərdə də qalib gələcək. Hətta həmkarlarıma da bunu çatdırmışdım.

Azərbaycanın qüruru "Qarabağ" Salonikinin "Tumba" stadionunda qazandığı möhtəşəm qələbəni yaddaşlara həkk etdirdi.

Zəfər gecəsini, unudulmaz oyunu canlı görmək mənə də qismət olduğu üçün özümü xoşbəxt sayıram. Buna görə "Qarabağ" rəhbərliyinə təşəkkür edirəm.

Vaxtilə pasportumun bir müddət yoxa çıxması səbəbindən Finlandiyada "Qarabağ"ın "Honka"ya qalib gəldiyi qarşılaşmanı izləmək istəyim baş tutmamışdı. Ancaq bu dəfə hər şey əla alındı. 

Bu il hər iki səfərimdə qələbə sevinci yaşamaq gözəl hisslərdir: Milli komandanın San Marino, "Qarabağ"ın PAOK üzərindəki zəfəri.

anarseferanarhavalimani

TƏHLÜKƏ VƏ QAÇIŞ!

Elladaya uzun səfər gözləsə də, hər çətinliyə, əziyyətə dözməyə razı idim ki, təki "Qarabağ" Yunanıstandan qələbə ilə qayıtsın. Salonikiyə çatmaq üçün üç təyyarədən istifadə etməli olduq: 12 jurnalistlə.
İlk olaraq Türk Hava Yollarına məxsus hava gəmisi ilə Bakıdan İstanbula üz tutduq. Qardaş ölkədə mindiyimiz avtobus az qala təyyarənin zərbəsinə tuş gələcəkdi. Ancaq sürücü son anda buna imkan vermədi.
Yunanların sənədləşmədə verdiyi səhlənkarlıqdan Afinadan Salonikiyə gedən təyyarəni qaçıra bilərdik. "Qarabağ" rəhbərliyinin müdaxiləsi bu problemi həll etdi.

12 jurnalist 20 dəqiqə ərzində ciddi yoxlanışdan keçərək, təyyarəyə çatmalıydı. Kənardan bizi təəccüblə izləyənlər zarafatla "Qo, qo", yəni "İrəli, irəli" deyə qışqırıb əl çalırdı. Media ordusu bu müddətdə sanki ildırım sürətiylə özünü təyyarəyə çatdırdı. "Qarabağ" yunanlardan bunun əvəzini artıqlamasıyla çıxdı. Salonikidə bizi klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qarşıladı.
Yunanların tarixi abidələrə xüsusi diqqət yetirdiyinin şahidi olduq. Mustafa Kamal Atatürkün dünyaya göz açdığı, möhtəşəm dənizkənarı bulvarı, Atatürkün ev muzeyi, Aristotelin meydanı və s. olan şəhər: Saloniki (Selaniki).
Oyun günü Aristotel meydanında tələbələrin mitinq keçirərək, tələbə şəhərciyi tikilməsini, universitetlərdə ərzağın pulsuz verilməsini tələb etməsi də diqqətimizdən yayınmadı.

YUNANLARIN QƏNİMİ "QARABAĞ"

Yunanıstandakı tarixi zəfərdən sonra indi də özümüzə gələ bilməmişik. Hələ də sevincdən, qürurdan "Qarabağ"ın təmsil etdiyi ölkənin bir vətəndaşı olmaq həzzindən başımız ayrıla bilmir. Gözəl duyğulardır, elə deyilmi? Bu yerdə ağlıma belə bir sual gəlir: Çempionlar Liqasının qrupunda oynamaq yaxşıdır, yoxsa Avropa Liqasının 1/16 finalına yüksəlmək?
Bilirəm, bu da çətin sualdır. Bu məsələdə fikirlər müxtəlif ola bilər. Kimisi üçünsə xal qazanmasa, ağır məğlubiyyətlərə düçar olsa belə, komandasının elit turnirdə oynaması hər şeydən önəmlidir. Kimisi üçünsə bir qədər aşağı səviyyəli yarışda çıxış edib, ölkə reytinqinə və öz əmsalına xallar əlavə etməsi vacibdir. Mən ikincini daha üstün sayıram. Bu ölkənin də, "Qarabağ"ın da ilk növbədə reytinqini artırmasına ehtiyac var. Çünki bu, növbəti mövsümlərdə işimizi daha da asanlaşdırmaq, daha böyük uğurlara imza atmaq üçün gözəl zəmindir. Diqqət yetirin, "Qarabağ" səfərdə də PAOK-a qalib gəlməklə nəyə nail oldu. Öz reytinqini xeyli artıran çempionumuz ilk "100-lüy"ə düşən ilk klubumuz oldu. İndi "Qarabağ" 99-cu pillədə qərarlaşıb. Ölkə reytinqimiz də xeyli yaxşılaşıb. Cəmi 1 heç-heçə kifayətdir ki, bu il bizim üçün avrokuboklarda ən uğurlu mövsüm olsun…

ARZUSU PUÇ OLAN DÜŞMƏN

PAOK – "Qarabağ" qarşılaşmasına maraq istənilən səviyyədə deyildi. Çox güman ki, bunun başlıca səbəbi yunanların ciddi böhranda olmasıdır. 29 min tutumluq stadiona 11 mindən artıq azarkeş toplaşmışdı. Oyunun startına az qalmış idman qurğusunda düşmən bayrağı gözə dəydi. Ancaq çox keçmədi ki, ermənlərin istəyi ürəyində qaldı. Stüardların müdaxiləsindən sonra bayraq yoxa çıxdı.

TÜKƏNMƏZ "TERMİNATOR"

Bakıda PAOK-un qapısına 2 dəfə yol tapan "Qarabağ" səfərdən ən azı 1 xalla qayıtmağı planlaşdırırdı. Hətta bu 1 xal belə qrupdan çıxmaq üçün şansları xeyli artıracaqdı. Zədəli futbolçular sıraya dönsə də, Qurban Qurbanov onlardan yalnız Rəşad Sadıqovu startdan meydana buraxmışdı. Onunla yanaşı, müdafiə "4-lüy"ünü Bədavi Hüseynov, Maksim Medvedev və Ansi Aqolli təşkil etmişdi. İbrahim Şehiç həmişə olduğu kimi qapıda dayanmışdı. Dayaq yarımmüdafiəçilərimiz Qara Qarayev – Rahid Əmirquliyev cütlüyü idi. Qarayev daha çox "qara iş" görürdüsə, Əmirquliyev əks-hücumlarda yaxından iştirak edir, sürətindən yararlanırdı. Yarımmüdafiənin mərkəzində Riçard Almeyda qərarlaşmışdı. "Terminator" ləqəbli Rəşad Sadıqov demək olar ki, 90 dəqiqə boyunca yorulmaq bilmədi. Onu meydanın hər qarışında görmək olardı. Gah müdafiənin dadına çatır, gah müdafiə ilə hücum arasında koordinasiyanı təşkil edir, gah da bir forvard kimi irəli atılırdı. Kapitanın belə oyunu UEFA tərəfindən də yüksək qiymətləndirildi və o, Avroliqanın rəmzi komandasına daxil edildi. Cinahlar Muarem Muarem və Dani Kintanaya tapşırılmışdı. Hücumun sivri ucunda isə Dino Ndlovu çıxış edirdi. Düzdür, Ndlovu bu oyunda qol vurmadı. Amma Dino ən işlək, zəhmətkeş futbolçulardan biri idi. Rəqib müdafiəsini təzyiqdə saxlamağı bacarırdı.

QURBAN QURBANOVUN UĞURLU MÜDAXİLƏSİ

İlk hissədə doğma meydan, azarkeş dəstəyi və qisas hissi PAOK-a psixoloji üstünlük qazandırmışdı. Bu səbəbdən daha çox yunanlar topa sahib olur, hücumlar qururdu. Amma 45 dəqiqə boyunca 1-2 real qol vəziyyəti yarada bildilər, vəssalam. "Qarabağ" da boş oturmurdu. Hərdən bir neçə dəqiqə topu meydan boyu elə dığırlayırdı ki, PAOK topu almağa çətinlik çəkirdi.
İkinci 45 dəqiqədə oyun bizim istədiyimiz kimi keçdi. PAOK-un baş məşqçisi ötən mövsüm "Qəbələ"də icarə əsasında çıxış etmiş Fakundo Pereyranı meydana buraxdı. Bu, rəqibin hücumunda nəzərəçarpacaq dirçəliş yaratdı. Argentinalı futbolçu bir neçə dəfə fərqlənməyə yaxın oldu. Amma tədricən yunanların yorulduğu hiss olunurdu. Daha doğrusu, qısa ötürmələrlə rəqibi yoran "Qarabağ" idi. Meydanda sanki Azərbaycan yox, hansısa aparıcı futbol ölkəsinin komandası oynayırdı. Məhz belə məqamda Qurban Qurbanovun uğurlu əvəzetməsi matçın taleyini müəyyənləşdirdi. Miçel meydana çıxdıqdan bir neçə dəqiqə sonra sol ayağıyla topu küncə fırlatdı. Bu əla qola dəfələrlə baxsanız, doya bilməzsiniz. Sevinc hisslərini anlatmaq mümkün deyil: onu ancaq yaşamalısınız.
Qol PAOK-u tam ruhdan saldı, 11 min azarkeşini susdurdu. Əvəzində psixoloji üstünlük tam "Qarabağ"ın tərəfinə keçdi. Reynaldo da meydana daxil olduqdan sonra yunanlar topun arxasınca baxmaqla kifayətlənirdilər. "Sambaçı" bir neçə dəfə fərqi artırmağa yaxın oldu. Ancaq oyun praktikasından əziyyət çəkən Reynaldo real qol vəziyyətlərini dəyərləndirə bilmədi. Eyib etməz. Hər halda, minimal hesabla olsa belə tarixi qələbə qazanıldı.

AQRESSİV MÜNASİBƏT

Salonikini fəth etdiyimiz üçün üzləşdiyimiz çətinliklərə fikir verməyə ehtiyac görmədik. Bu, möhtəşəm qələbənin fonunda heç nə idi. Məğlubiyyəti həzm edə bilməyən yunanlar, bunun əvəzini azərbaycanlı jurnalistlərdən çıxmağa çalışdılar: qoldan sonra oyunu izləmək üçün qoyulan monitorlar bizim olduğumuz yerdə söndürüldü, internet zəiflədi, stüardlar aqressiv münasibət göstərdi.
Bizi otelə aparan avtobusun sürücüsü əsəbindən özünə yer tapa bilmirdi, işığı yandırmaq istəyimizə də məhəl qoymadı, digər tərəfdən isə az qala motosikletçiləri vuracaqdı.

YUNAN DA "QARABAĞ"IN FANATINA ÇEVRİLDİ

Oyunun səhəri gün "Qarabağ"ın qələbəsinə sevinən yunan fanata da rast gəldik. Azərbaycanlı jurnalistləri hava limanına aparan avtobus sürücüsü, Salonikinin digər təmsilçisi "Aris" klubunun azarkeşi olduğunu, PAOK-un məğlubiyyətinə sevindiyini dilə gətirdi. Yunan fanat "Qarabağ"ı növbəti mərhələdə görmək istədiyini də sözlərinə əlavə etdi.

QRUPDAN NECƏ ÇIXMAQ OLAR?

Beləliklə, "Qarabağ" ilk dəfə qrup mərhələsində 2 qələbə qazandı. Azərbaycan klubları heç vaxt qrupda bu qədər – 7 xal qazanmamışdı. İndi Qurbanovun komandası ikinci pillədə əyləşib. Bir qələbə qrupdan çıxmaq üçün kifayət edəcək. "Qarabağ" ya səfərdə "Slovan"a, ya da evdə "Fiorentina"ya qalib gəlməlidir. Ancaq fərqli nəticələrlə də qrup 2-cisi kimi 1/16 finala yüksəlmək olar. Bunun üçün PAOK növbəti 2 qarşılaşmada qələbə qazanmamalıdır.
Bəs "Qarabağ" qrup lideri kimi pley-off mərhələsinə çıxa bilərmi? Əlbəttə, 1-ci yeri tutmaq əla olardı. Belə olan halda 1/16 finalda hansısa qrupun 2-cisiylə, yəni daha asan rəqiblə qarşılaşırsan. Ancaq təmsilçimizin qrupu lideri kimi başa vurmaq ehtimalı yüksək deyil. Düzdür, nəzəri cəhətdən şanslar var. Amma bunun üçün Qurban Qurbanovun komandası növbəti 2 matçda qələbə qazanmalı, “Fiorentina” isə həm klubumuza, həm də PAOK-a məğlub olmalıdır.

Bu gün "Qarabağ" Azərbaycanın qürur mənbəyidir, Avropaya səs salır, meydan oxuyur. Hər birimiz komandamızla fəxr edir, qələbələrini yaralarımıza sanki məlhəm sayırıq. "Qarabağ" döyüşkənliyi ilə Vətənə sevgini, mübarizliyi daha da artırır. Möhtəşəm, yeni tarixin yazılmasının astanasındayıq, çox az qalıb. Bunun üçün böyük güc, istək və təcrübə də var. İrəli "Qarabağ", bunu bacaracaqsan...

Anar Cəfərsoy, Bakı-Saloniki-Bakı.

Digər xəbərlər