QƏLƏBƏNİ UNUDAN "QƏBƏLƏ"

QƏLƏBƏNİ UNUDAN "QƏBƏLƏ"
Futbol, Yazarlar
05 Noyabr 2016 - 18:01
"Sent-Etyen" iki ildən sonra yenidən ölkəmizə gəldi. Bu dəfə həm rəqib, həm də stadion fərqli idi. 2014/15 mövsümündə "Qarabağ"ın biləyini bükə bilməyən "yaşıllar" bunun əvəzini "Qəbələ"dən çıxdı. Fransada qalib gələn Kristof Qaltyenin yetirmələri ölkəmizdə də sevinən tərəf oldu. Halbuki əksəriyyət "qırmızı-qaralar"ın Bakıda ən azı 1 xal qazanacağını proqnazlaşdırırdı. Belə düşünənlər haqsız deyildi. Axı "Sent-Etyen" evində yalnız Rikardinyonun avtoqolu hesabına qalib gəlmişdi. Amma proqnozlar doğrulmadı. Baqali Dabo xaric, bütün zədəli futbolçuların sıraya dönməsi də Roman Qriqorçukun komandasına xal bəxş etmədi.

BİR AZ HEYƏTLƏR HAQDA…

Ukraynalı baş məşqçi zədəsini sağaldan Rəşad Sadiqovu startda meydana buraxsa da, Nika Kvekveskirini ehtiyatda saxlamışdı. Gürcü futbolçu yalnız son bir neçə dəqiqədə forma geydi. Onda da heç nə ilə yadda qalmadı. Bunu da başa düşmək olar. Bir aydan çox meydandan uzaq qalan futbolçu birdən-birə qazona ayaq basıb, xarüqələr yarada bilməz. Özü də kimə-kimə qarşı, “Sent-Etyen”ə qarşı…
Heyətdən söz düşmüşkən, bu dəfə Qriqorçuk 4-lü müdafiəçi taktikasından yararlanmışdı. Əslində elə belə də gözlənilirdi. Axı “Sumqayıt”la oyunda Rafael Santosun burnu sınmışdı. Braziliyalı müdafiəçinin ən azı 2 həftə dincələcəyi gözlənilir. Onun yoxluğunda müdafiənin mərkəzində Voislav Stankoviç – Vitali Vernidub tandem qərarlaşmışdı. Müdafiənin solunda Rikardinyo, sağında Məhəmməd Mirzəbəyov oynayırdı. Dayaq yarımmüdafiəçisi funksiyasını Rəşad Sadiqov yerinə yetirirdi. Ancaq komandanın cinahlarında və yarımmüdafiənin mərkəzində kimlərin oynadığını dəqiqləşdirmək çətin idi. Buna səbəb futbolçuların tez-tez yerdəyişməsiydi. Gah Rəşad Eyubov, gah da Teo Uiks sol cinahdan hücuma qoşulurdu. Sent-Etyendəki qarşılaşmada itib-batan, ən zəiflərdən olan Filip Ozobiç bu dəfə daha çox mərkəzdən, Ruslan Qurbanov isə sağ cinahdan həmlələr edirdi. Sergey Zenyov isə bu mövsüm ilk dəfə mərkəz hücumçusu kimi oynayırdı. Ancaq zaman göstərdi ki, estoniyalı forvard vinger kimi daha faydalıdır. Bu səbəbdən ikinci hissənin ortalarına doğru haqlı olaraq əvəzləndi.
Rəqibin heyətində də bir sıra dəyişikliklər diqqəti çəkirdi. Məsələn, Qaltye bu dəfə qapını Jessi Mulinə yox, Stefan Ryuffyeyə həvalə etmişdi. Hücumda isə Nolan Runun əvəzinə Robert Beriç çıxış edirdi.

ƏNƏNƏNİ POZMAYAN KOMANDA

Oyunun əvvəllərində qonaqlar çox yaxşı təsir bağışlayırdı. İlk 15-20 dəqiqədə “Sent-Etyen” təmsilçimiz üzərində böyük təzyiq qurmuşdu. Hücumları sıralayan fransızlar bir neçə dəfə azarkeşlərimizi həyəcanlandıra bildi. “Yaşıllar” daha çox sağ cinahdan hücumlar edirdi. Amma fürsət düşəndə mərkəzdən də qapını nişan alırdılar. Bu dəqiqələrdə Dmitri Bezotosnı kritik müdaxilələrlə komandasını qoldan xilas etdi. Qonaqların heyətində ən təhlükəli futbolçu Usama Tannane idi. Mərakeşli yarımmüdafiəçinin qarşısını almaq demək olar ki, mümkün deyildi. Texnikasıyla başqalarından bir baş üstün olan “10 nömrə”nin uzaqdan zərbələri xüsusən təhlükəli idi.
Amma tədricən “Qəbələ” start təzyiqini üzərindən atdı. Oyunun əvvəllərində güclü pressinq olduğu üçün müdafiədən çıxmaqda çətinlik çəkən “qırmızı-qaralar” rəqibin hücumlarının səngidiyini görüb, qol-qanad acdı. İlk hissənin ortalarında meydan sahibləri təşəbbüsü tam ələ keçirdi. Bunun da məntiqi nəticəsi kimi hesabı açdılar. Rəşad Eyubovun cərimə zərbəsindən sonra “Sent-Etyen”in qapısı önündə qarışıqlıq yarandı. Bundan isə Ruslan Qurbanov layiqincə yararlandı. Başla rəqib torunu silkələyən yığmamızın üzvü Avroliqada “Qəbələ”nin formasında 2-ci qolunu vurdu. Xatırladaq ki, hücumçu ilk qolunu “Maynts”ın qapısına vurmuşdu. Qurbanov həm də “qırmızı-qaralar”ın xoş ənənəsini davam etdirdi. Belə ki, bölgə təmsilçisi bu mövsüm Avroliqa çərçivəsində evdə keçirdiyi bütün oyunlarda qol vurub.

YENƏ "HƏDİYYƏ", YENƏ MƏĞLUBİYYƏT

“Qəbələ”nin qrup mərhələsinə yüksəlməyində qapıçısının və müdafiəçilərinin böyük rolu var. Ancaq nədənsə qrupda arxa xətt etibarsız təsir bağışlayır. Bu yerdə yaxın tarixə nəzər salmağa dəyər. İlk turda “Anderlext”in 2-ci qolunu bizimkilər vurdu. Rafael Santos avtoqol müəllifi oldu. 3-cü qol Məhəmməd Mirzəbəyovun bağışlanmaz səhvindən sonra qeydə alındı. Bakıda “Maynts” önündə 2:1 önə keçdikdən sonra Santos “quşladı”. Yuxarıda da qeyd etdiyimiz kimi, “Sent-Etyen”lə səfər matçında Rikardinyo qapıları səhv saldı. Bu dəfə isə 2 futbolçu anti-qəhrəman oldu. İlk hissəyə əlavə olunmuş dəqiqədə Bezotosnı bəlkə də karyerasının ən böyük səhvinə yol verdi. Dmitri Tannanenin yerinə yetirdiyi cərimə zərbəsini tutmaq istəyərkən top əllərinin arasından keçib, qapıya daxil oldu. Futbolda ilk hissənin son dəqiqələrində qol vuran komanda psixoloji üstünlüyü ələ alır. “Sent-Etyen” də “Bakcell Arena”nın soyunub-geyinmə otağına bu üstünlüklə yollandı. İkinci yarının əvvəllərində isə təcrübəli kapitan Rəşad Sadiqovun itirdiyi topu Beriç torumuza saldı.
Bundan sonra ruhdan düşən “Qəbələ” heç nə edə bilmədi. Yalnız bir dəfə Filip Ozobiç hesabı bərabərləşdirməyə yaxın oldu ki, onda da “çərçivə”ni dəqiq nişan ala bilmədi. Nəticədə “qırmızı-qaralar” stadiona gəlmiş 5000-dən artıq azarkeşi məyus yola saldı.

QRİQORÇUK, ÖZÜNƏ GƏL!

qriqor

Ukraynalı mütəxəssis hər dəfə Avroliqa oyunundan əvvəl və sonra “bizim əsas məqsədimiz təcrübə qazanmaqdır” söyləyir. Halbuki bu komanda ötən mövsüm Avropa Liqasının qrupunda oynayıb. 6 oyun təcrübə qazanmaq üçün yetərli deyilmi? Həmin qrupa vəsiqə qazanarkən 4 mərhələ aşılmışdı. Bu isə 8 oyun edir. Əslində 4-5 aya 14 Avroliqa oyunu keçirmək “bişmək” üçün tam kifayət edir. Düzdür, heyətdə müəyyən dəyişikliklər olub. Amma hamı yaxşı görür ki, yeni legionerlər əvvəlkilərdən daha səviyyəlidir. “Qəbələ”nin bu mövsüm oynadığı futbolla, ötən mövsüm oynadığı futbol arasında da yerlə-göy qədər fərq var. Ən azı çempionatdakı nəticə bunu deyir. “Qırmızı-qaralar” hazırda turnir cədvəlinə başçılıq edir. Bu isə komandanın gücündən xəbər verir. Halbuki ötən mövsüm payız-qış aylarında “Qəbələ” ilk “3-lüy”ə düşməyə belə çətinlik çəkirdi. Deməli, təcrübəsizlik bəhanəsinin arxasında gizlənməyə dəyməz. Qriqorçuk oyundan sonra həmkarlarımızdan birinin sualına ədəbsiz cavab verməkdənsə, başını aşağı salıb, buraxdığı səhvləri təhlil etsə, yaxşı olar. Bəlkə baş məşqçi ulduz xəstəliyinə tutulub, xəbərimiz yoxdur? Əlbəttə, yalnız tənqid hədəfinə Qriqorçuku almaq ədalətsizlik olar. Kobud səhvlərə yol verən futbolçular da mələk deyil. Ukraynalı mütəxəssis məhz belə çətin məqamda təcrübəsini işə salmalı, komandanı toparlamalı, məğlub psixologiyasını üzərindən atmalı və növbəti 2 oyuna maksimum dərəcədə kökləməlidir. Ümid edək ki, “Anderlext” və “Maynts”la qarşılaşmalarda Baqali Dabo da oynaya biləcək. İstənilən halda, bu komandalardan ən azı biri məğlub edilməlidir. Ötən mövsüm daha zəif heyətlə qrupda 2 xal əldə edən komanda bu dəfə minimum 3 xalı hesabına yazmalıdır. Bu, ölkənin UEFA-dakı əmsalı üçün də böyük önəm kəsb edir.

Kamil

Digər xəbərlər