TEYMUR MƏMMƏDOV DÜNYA TƏSNİFAT TURNİRİNDƏ İLK QƏLƏBƏSİ

TEYMUR MƏMMƏDOV DÜNYA TƏSNİFAT TURNİRİNDƏ İLK QƏLƏBƏSİ
Digər, Boks
20 İyun 2016 - 10:00
Azərbaycan boksçusu Teymur Məmmədov (81 kq) Bakıda keçirilən və Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə dünya təsnifat turnirində ilk görüşünü uğurla başa vurub.

Supersport.Az xəbər verir ki, iyunun 19-da onaltıdabir finaldan mübarizəyə qoşulan Teymur Məmmədov çinli Quojun Şini məğlub edib. Bu qələbə təmsilçimizin Rio Olimpiadasına lisenziya qazanmaq baxımından çox vacib idi. Bunun üçün T. Məmmədov ilk beşliyə düşməyi bacarmalıdır. Atletimiz iyunun 21-də dörddəbir finalda Gürcüstan idmançısı Laqo Kiziria ilə slovakiyalı boksçu Matus Strnisko arasındakı döyüşün qalibi ilə üz-üzə gələcək.

Digər atletlərimiz - 75 kiloqram çəki dərəcəsində qüvvəsini sınayacaq Kamran Şahsuvarlı sabah onaltıdabir finalda Albaniya idmançısı Aryon Kayoşi ilə münasibətlərə aydınlıq gətirəcək. Kayoşi ilkin mərhələdə belçikalı Lay Kalenqa Mişikandan güclü olub.

Eyni gündə rinqə çıxacaq 49 kiloqramda çıxış edən Rüfət Hüseynovun rəqibi isə səkkizdəbir finalda Çin Taypeyi idmançısı Tu Po-Vey olacaq. Tu Po-Vey mərhələ keçmək üçün Dominikan Respublikasından olan boksçu Santilyan Perez Viktor Danieli üstələyib.

Hər üç boksçumuz lisenziya qazanacağı təqdirdə, Azərbaycanın kişilərdən ibarət yığması Olimpiadada tam heyətlə - 10 dəri əlcək ustası ilə təmsil olunacaq. Əvvəlki 7 lisenziya ötənilki dünya çempionatında və bu il Avropa təsnifat turnirində əldə edilib.

Qeyd edək ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzinin ev sahibliyi etdiyi lisenziya əhəmiyyətli son yarışda Rioya 39 vəsiqə uğrunda 105 ölkədən 469 kişi idmançı mübarizə aparır.

Digər xəbərlər