ALPİNİZM FEDERASİYASINDA YENİ PREZİDENT

ALPİNİZM FEDERASİYASINDA YENİ PREZİDENT
Digər, Alpinizm
10 Aprel 2016 - 12:03


Aprelin 9-da Azərbaycan Alpinizm Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Supersport.Az xəbər verir ki, konfransın gündəliyi və reqlamenti təsdiqləndikdən sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək Azərbaycan dövlətinin idmanın inkişafı üçün hər cür şərait yaratdığını bildirib. O deyib ki, ölkəmizdə keçirilən mötəbər yarışlar, beynəlxalq idman tədbirləri buna əyani sübutdur. İ.Babayev vurğulayıb ki, Azərbaycanda 80-ə yaxın Olimpiya və qeyri-Olimpiya idman federasiyaları fəaliyyət göstərir. Onların arasında Azərbaycan Alpinizm Federasiyası da fəallığı ilə seçilir. Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının rəhbərliyi ilə son illərdə dağçılıq və ekstremal idman növləri gənclər arasında xeyli məşhurlaşıb. Alpinizm Federasiyasının seçiləcək yeni tərkibinə uğurlar arzulayan nazir müavini bu sahədə lazımi dəstəyi göstərəcəklərini bildirib.

Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının icraçı direktoru Arzu Mustafayev çıxış edərək deyib: “Azərbaycan Alpinizm Federasiyası yarandığı dövrdən ölkəmizdə idmanın bu növünün inkişafına xidmət edib, marağı olan gəncləri bir araya toplayıb. Qurum yaratdığı ənənə ilə keçmiş sovet respublikaları arasında xüsusilə fərqlənib. Federasiya Azərbaycanda idmanın bu növünün potensialının öyrənilməsi istiqamətində xeyli iş görüb”.

A.Mustafayev 2000-ci ildən başlayaraq Federasiya rəhbərliyinin səriştəsiz fəaliyyəti nəticəsində bu qurumun tənəzzül dövrünü yaşadığını qeyd edib. O, bu baxımdan yeni seçiləcək rəhbərliyin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayaraq, bu istiqamətdə uğurlar arzulayıb.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov son dövrlərdə federasiyada mövcud çatışmazlıqlardan və qarşıda duran vəzifələrdən danışıb.

Digər çıxışlarda da yeni seçiləcək rəhbərliyin fəaliyyəti nəticəsində Federasiyanın sürətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

Çıxışlardan sonra aparılan müzakirələrdə tədbir iştirakçıları Federasiyanın İdarə Heyətinin yeni tərkibinə arzu və tövsiyələrini çatdırıblar.

Sonra Federasiyanın İdarə Heyətinin yeni tərkibinə və prezidenti vəzifəsinə səsvermə keçirilib. Dağçılıq sahəsində geniş təcrübəyə malik olan beynəlxalq dərəcəli idman ustası Nizami Mursaqulov konfrans nümayəndələrinin yekdil səsi ilə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib.

Digər xəbərlər