Supersport.Az-ın məlumatına görə, Azərbaycanın əməkdar, “Şöhrət” ordenli məşqçisi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov milli komandanın oyunları ilə bağlı fasilənin futbolumuza böyük zərbə olduğunu bildirib.
“Milli fasilədən sonra futbolçuların zədəli qayıtması sizi qorxutmurki” sualına təcrübəli mütəxəssis, ətraflı cavab verərək, beynəlxalq futbol qurumlarına ismarıc göndərib:
“Məncə, bu haqda düşünməyək. Bu haqda o qədər düşünmüşəm ki, başımıza çox iş gəlib. Milli fasilə futbola çox böyük zərbə vurur. Dəfələrlə olub ki, ən bahalı oyunçum belə, gedib zədəli qayıdıb. Məncə, bütün Avropa, bütün böyük klublar da bundan şikayət edir. Futbolçular yaxşı idman formasına gəlib çatırlar, sonra fasilə olur, milliyə gedib yorğun gəlirlər, burada olanlar da öz idman formasından uzaqlaşırlar. Bu fasilənin baxımlı futbola böyük zərbə vurur. Bəlkə də, nəyisə dəyişmək olar. UEFA və FİFA bu haqda düşünməlidir. Futbolçu ilə illik müqavilə imzalayırsan. Ancaq hansısa diqqətsiz addıma görə, futbolçu zədələnir. Altı aydan sonra onu yenidən idman formasına gətirirsən, amma yarım illik müqavilə artıq getmiş olur. Çox böyük zərbədir. Ələlxüsus da, bizim kimi klublara. Ona görə bu dəqiqə tək bizim yox, bütün dünya klublarının böyük problemidir. Gələcəkdə hansısa dəyişiklik olacaq ya, yox bilmirəm. Milli fasilə bizim üçün böyük zərbədir. Oturub gözləmirik ki, oyunçumuz yorğun gələcək, hətta gözləyirik ki, zədəsiz gəlsin. Bəzən milli komandada oynayan futbolçularımızı meydana buraxmıram, onları qoruyuram. Ki, gedəcəklər gedib millidə iki oynayıb, yorğun olacaqlar. Bundan narahat oluram. Milli komandada bunu düşünmürlər. Bəli, milli vacibdir. Marko Veşoviçlə Marko Yankoviç hər dəfə gedəndə, nəsə bir şeylə qayıdırlar. Məşqlər gedir. Məşqlərə baxıram, futbolçunu anlamırlar. Fikirləşirlər ki, klubdan hazır gəlmir. Bütün milli komandalarda belə ideya yaranıb. Amma fikirləşmirlər ki, bunlar ilboyu oynayırlar, əksinə həmin oyunçuya istirahət lazımdır. Elə şeylər var ki, yorğun-yorğun meydana buraxırlar, həm formasından uzaqlaşır, həm zədəyə daha meyilli olur. Mən çalışıram ki, klubda rotasiya edim. İlboyu 45-50 oyun oynayan futbolçu var ki, onlara istirahət verilməlidir, insandırlar, robot deyillər. Özlərinə gəlməlidirlər. Elvin Cəfərquliyevi bu gün dəyişdim. Sprint olan oyunçuları daha çox qorumalıyıq. Bəhlul Mustafazadəni dəyişmədim. Bir aydan çox oynamadı, bu gün əksinə ona daha çox oynamaq lazımdır. Ehtiyatlanmadım. Ancaq Elvin Cəfərquliyevi oynatmaqdan ehtiyatlanırdım. Daim sürətdə olan oyunçudur. Millidə üç günə iki oyun oynayacaqlar. Zərbə klublara dəyir. Bir oyun uduza bilərik, amma oyunçunun zədələnməsi, sonradan özünü bərpa etməsi problemdir. Bütün dünya klubları üçün problem yaranır. Məncə, dünya futbolunda daha nizamlı şəkildə proqram qurulsa, daha faydalı olar. Çünki azarkeş dinamik futbola baxmaq istəyir. Futbolçu yorğun oldusa, nə tələb edəcəksən ondan? Bu gün mən ehtiyatlanırdım. Kənardan baxırdım ki, birdən hansısa futbolçum zədələnər. Hamı yorğundur, nəticə də lazımdır, azarkeş də görmək istəyir oyunçuları. Bizim kimi futbol ölkələrində bərpa o səviyyədə deyil. Avropa ilə müqayisədə fərqlidir. Avropada çox şey var ki, bərpa daha tez olsun, amma bizdə belə şeylər yoxdur. Ona görə də, bizim üçün böyük problemdir. Eybi yox, heç nə olmaz, biz qarşıdakı hansısa oyunu itirək, amma oyunçunu il boyu əlimizdə saxlaya bilək. Bu, geniş mövzudur, daha çox danışmaq olar. Bu futbolçuların istirahətə vaxtı olmur. Futbolçuya istirahət verirəm, gedirlər milliyə. Psixoloji yorğunluqları, fiziki yorğunluqdan daha çoxdur. Millidən bir həftə sonra tur başlasa daha yaxşı olardı. İstirahət edərdilər. Amma yox, gələn kimi üç gündən sonra yenə çempionat oyunu olmalıdır. Nəysə, bu qədər. Yoxsa, sonra birdən məni cərimələyərlər(gülür)”.