Supersport.Az-ın məlumatına görə, Azərbaycanın əməkdar, “Şöhrət” ordenli məşqçisi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuların komandalarının liderinə çevrilə bilməməsinin səbəblərini açıqlayıb.
“Biz hələ o bazara düşməmişik. Bu, məlum məsələdir. Digər ölkələr sırf bunun üçün çalışırlar, işləyirlər. Bizim futbola Avropadan maraq bir o qədər yoxdur. Bu ayrı sahədir, menecmentlik işi aktivləşməlidir. Federasiya, klub səviyyəsində. Bəlkə bizim kimi klublara sərf etməz ki, oyunçularımız gedib oynasınlar. Çünki limit varsa, əlimizdə yaxşı oyunçular olmalıdır. Yaxşı klublar olsa, buna yox demərik. Buna ayrıca vaxt ayırmaq, daha çox reklam etmək lazımdır. Daha çox görüşlər keçirilməlidir ki, oyunçularımız Avropaya getsinlər. Mentalitet də Avropada oynamaq üçün yetərli olmalıdır. Bizim kimi futbolu zəif olan ölkələrin çoxu Avropanın içində yaşayırlar. Onlar üçün daha rahatdır oynamaq. Elə ölkələr var ki, futbolu sırf onun üzərində qurur. Ki, oyunçuları daha çox legioner həyatı yaşasınlar. Böyük ehtimalla, bizdə belə iş qurulmayıb. Buna da illər lazımdır. Gərək Avropa arenasında futbolumuz stabil üzdə olsun ki, maraq daha çox artsın. İnşəAllah, o da olar. Ümid edək ki, liderlərimiz olsun”.