Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində, mərhum prezident Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb. Noyabr ayının 8-də çövkən üzrə dünya çempionatının üçüncülük uğrunda və final oyunları keçirilib.
Bürünc medalı Özbəkistanı 5:0 hesabı ilə məğlub edən Polşa komandası qazanıb. Onların qollarına Marek Setkeviç (3), Marta Şostak və Marianna Olbrıx imza atıblar.
Finalda isə Azərbaycan yığma komandası mərakeşli rəqibləriylə qarşılaşıb. Matç milli çövkənçilərimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qollarını Tərlan Qurbanəliyev (2), Şamil Budaqov və Şahmar Nağızadə vurublar.
Dünya çempionatı adını qazanan komandamızın üzvü Tərlan Qurbanəliyev həm də 6 qolla çempionatın bombardiri olub.
