Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Gününun 3-cü ildönümü ərəfəsində bu gün Qarabağa səfər edib. Hər iki şəxs Şuşada yenidənqurma layihələriylə tanış olublar.
Supersport.Az-ın məlumatına görə, İ.Əliyev sabah Xankəndidə ordumuzun hərbi paradında iştirak edəcək. Prezidentin bərpa işləri aparılan Xankəndi şəhər stadionuna gedəcəyi gözlənilir. Azərbaycan idman arenasında mənfur ermənilərin quraşdırdığı oturacaqları sökdürüb və yeniləriylə əvəz edib.
Bundan sonra “Qarabağ” Futbol Klubunun qış fasiləsinədək ev oyunlarından birini Xankəndidə keçirəcəyi haqda məlumat verilib.
Bir müddət əvvəl Gənclər və İdman Nazirliyi, AFFA və PFL nümayəndələrinin Xankəndi şəhər stadionuna baxış keçirdiyi xəbərini yaymışdıq.
Qeyd edək ki, Xankəndi stadionunun inşasına 1955-ci ildə başlanıb və 1 il sonra istifadəyə verilib. Arena ilk dəfə İosif Stalinin adını daşısa da, sonradan “Stepanakert stadionu” adlandırılıb. 1991-ci ildən şəhərin tarixi adı qaytarıldıqdan sonra “Xankəndi şəhər stadionu” adına qayıdılıb. Ordumuz Xankəndini də erməni işğalından azad edib. Xankəndinin stadionu süni örtüklüdür və tutumu 15 minlikdir.