Azərbaycan Voleybol Federasiyası (AVF) bu gün 2023/2024 illər mövsümündə ölkə çempionatının rəsmi açılış mərasimindən əvvəl mətbuat konfransı keçirib.
Tədbirdə AVF rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev, federasiyanın digər əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç bildirib ki, Azərbaycan voleybolunun inkişafı üçün əllərindən gələni edəcəklər.
“Azərbaycan Milli Olimpiya Komitəsinə və ölkə rəhbərliyinə voleybolun inkişafına kömək göstərdikləri üçün minnətdaram. Uzun illərdən sonra bir araya gəlmişik və birlikdə işləyəcəyik. Məktəblərdə və azyaşlılar arasında voleybolun yayılması haqqında danışdıq. Böyük layihələrə imza ata bilərik. Azərbaycan və Türkiyə Voleybol Federasiyası arasında protokol imzalandı. Bu, voleybolun inkişafına təkan verəcək. Yaxın keçmişdə ölkənizdə böyük idman layihələri olub. Avropa miqyasındakı tədbirlərini yenidən bu ölkədə təşkilini nəzərdən keçirə bilərik. Azərbaycan Voleybol Federasiyası tək deyil. Onlara dövlət tərəfindən dəstək olunduğunu görürük”.
