Supersport.Az Bakının Şağan Olimpiya İdman Kompleksinin futbol meydançasında keçirilən “Ulduz” Futbol Akademiyasının açılışından videogörüntü hazırlayıb.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib və torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Ulduz” Futbol Akademiyasının rəhbəri Mehman Alimov, gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firidun Qurbanov, AFFA-nın baş katibi Sərxan Hacıyev və akademiyanın təsisçilərindən biri Nazim Süleymanov çıxış edərək akademiyanın əhəmiyyətindən danışıb və yeniyetmə futbolçulara uğurlar arzulayıblar. Sonda hər yaş üzrə komandaların kapitanları çıxış ediblər. Rəsmi çıxışlardan sonra komanda üzvləri nümunəvi çıxışlar təqdim ediblər, akademiyanın yaradılması münasibətilə tort kəsilib.
“Ulduz” Futbol Akademiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2023-cü ilin may ayında yaradılıb. Hazırda Akademiyada 69 uşaq qeydiyyatdan keçib. Akademiyaya qəbul üçün seleksiya işləri bütün ölkə üzrə aparılıb. Mütəxəssislər komandaları formalaşdırmaq üçün bölgələrə səfər edib. Paytaxt və bölgələrdən olan 700-dən çox uşaq arasından seçim aparılıb, onlar arasından potensialı güclü olan namizədlər seleksiya xarakterli növbəti məşqlərə dəvət olunublar. Seleksiya xarakterli məşqlərdə komandaların heyətləri formalaşdırılıb.
Akademiyanın yaş qrupları üzrə komandaları hazırda ölkə çempionatının Bakı zonasında 4 yaş qrupu üzrə – U-10, U-11, U-12, U-13 yarışlarında çıxış edirlər. Bölgələrdən seçilmiş uşaqlar müvəqqəti olaraq nazirliyin Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində qalırlar və yaxınlıqdakı orta məktəbdə təhsillərini davam etdirirlər.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, başqa rəhbər şəxslər və idman ictimaiyyəti nümayəndələri iştirak ediblər.