2023/2024-cü il mövsümünün Azərbaycan Kubokunun final oyunu Xankəndində keçirilə bilər.
Supersport.Az-ın əldə etdiyi məlumata görə, dünən Gənclər və İdman Nazirliyi, AFFA və PFL nümayəndələri Xankəndi şəhər stadionuna baxış keçiriblər. İdman qurğusunun durumu yaxşı olsa, kubokun final oyununun orada keçirilməsinə qərar veriləcək. Xankəndi stadionunda AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, futbol veteranı Rüstəm Rəhimov, hakim-inspektor Rövşən Əhmədov, PFL-in rəsmisi Məlik Həsənov, Media və Marketinq direktoru Sənan Abdullayev və başqa şəxslər olublar.
Azərbaycan Kubokunun final matçının 2 iyun tarixində oynanılması nəzərdə tutulur.
Qeyd edək ki, Xankəndi stadionunun inşasına 1955-ci ildə başlanıb və 1 il sonra istifadəyə verilib. Arena ilk dəfə İosif Stalinin adını daşısa da, sonradan “Stepanakert stadionu” adlandırılıb. 1991-ci ildən şəhərin tarixi adı qaytarıldıqdan sonra “Xankəndi şəhər stadionu” adına qayıdılıb. Ordumuz Xankəndini də erməni işğalından azad edib. Xankəndinin stadionu süni örtüklüdür və tutumu 15 minlikdir.