Supersport.Az üç il əvvəl Azərbaycanın qalib ordusunun erməni işğalından azad etdiyi Cəbrayılın stadionundan videogörüntü hazırlayıb.
Millət vəkili Ceyhun Məmmədov saytımıza açıqlamasında vaxtilə rayonun komandasının idman qurğusunda oyunlar keçirdiyini xatırladıb. Deputat, ermənilərin işğal zamanı stadionu pis vəziyyətə saldığını, nar bağına çevirdiyini bildirib.
“Cəbrayılın stadionu vaxtilə möhtəşəm idi və davamlı olaraq müxtəlif yarışlar, oyunlar keçirilirdi. Erməni terrorçuları işğal zamanı vəhşilik edərək yaşayış yerlərini, idman qurğusunu dağıdıblar”.
Millət vəkili, Cəbrayılın futbol komandasının yenidən qurulduğunu qeyd edərək, tezliklə stadionun bərpa olunacağına inandığını diqqətə çatdırıb.
“Bilirsiniz ki, Cəbrayılın futbol komandası yenidən qurulub. Stadionun tezliklə bərpa olunacağına və klubun daha da peşəkarlaşacağına, insanlarımızın yenidən oyunlara tamaşa edə biləcəyinə inanıram. Ən önəmlisi odur ki, torpaqlarımızı qaytarmışıq. İnşəAllah yaxın gələcəkdə Cəbrayıl da bərpa olunacaq”.
Cəbrayıl komandası Azərbaycanın ikinci liqasında 5 turdan sonra 14 klub sırasında 12 xalla liderdir.
Qeyd edək ki, bu gün Cəbrayılın Şəhər Günüdür. Rayon 1993-cü il avqustun 23-də işğal olunsa da, 2020-ci ilin oktyabrın 4-də ordumuz erməni işğalçılarını məhv edərək, torpaqlarımızı azad edib.