Supersport.Az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası italiyalı mütəxəssis Vinçenso Montella ilə 3 illik müqavilə bağlayıb.
“Adana Demirspor”un keçmiş çalışdırıcısı Türkiyə yığmasının baş məşqçisi təyin olunmasıyla bağlı fəxr etdiyini bildirib.
“Gəldiyiniz üçün hamınıza təşəkkür edirəm. Türkcə danışa bilmədiyim üçün üzr istəyirəm, hələ türkcə danışacaq səviyyəyə çatmamışam.
Əvvəla, mən bu ölkədə işləməkdən çox xoşbəxtəm. Bütün azarkeşlərə sevinc bəxş etmək istəyirik. Almaniyada keçiriləcək turnirdə azarkeşlərimizi şad etməyi hədəfləyirik.
Bu vəzifəni qəbul edərkən heç bir tərəddüd etmədim. Gənc və keyfiyyətli komandamız var. Bu qürur duyğularını, milli hissləri meydanda olan hər kəsə çatdırmaq, xoşbəxtlik yaşatmaq istəyirik. Bu, vacib bir məsuliyyətdir. Lakin biz bunu həyata keçirmək üçün buradayıq.
2 ildir ki, Türkiyədəyəm. Mən duyğuları və mədəniyyəti daha yaxşı başa düşürəm. Bu hisslər İtaliyadakılara bənzəyir, mənə uşaqlığımı xatırladır. Təbii ki, məni tənqid edənlər də olacaq. Ancaq mən hər zaman əlimdən gələni etməyə çalışacağam. Mən klubu təmsil etmirəm. Çalışacağıq ki, hər matçı izləyib təhlil edək.
Komanda ruhu bizim üçün çox önəmlidir, biz bunu meydanda əks etdirməliyik. Futbolçular milliyə gələndə öz komandasının ruhunu əks etdirməlidir. Bunu təmin etmək üçün burada olacağıq. Bu formanı geyinmək hədiyyə deyil, prestijdir. Biz çox mühüm ölkəni təmsil edirik. Əlimizdən gələni etməyə çalışacağıq”.