Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 7-ci turunda “Qəbələ” – “Qarabağ” oyunu qalmaqalla yadda qalıb.
Matçın 38-ci dəqiqəsində meydan sahiblərinin fransız futbolçusu Bilel Auaşeriya qonaq komandanın kolumbiyalı oyunçusu Kevin Medinanın boynuna, başına sillə vurub və ona qarşı kobud oynayıb. Medina buna cavab Bilelin ağzına şapalaq, kəllə vurub. Baş hakim Elçin Məsiyev Medinaya qırmızı vərəqə göstərsə də, Bileli cəzalandırmayıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Qəbələ”nin əsas çalışdırıcısı Elmar Baxşıyev etiraz olaraq meydana daxil olub. Qəbələ klubunun məşqçisi Rasim Ramaldanov “Qarabağ”lı Kevin Medinaya hücum edib və o, qırmızı vərəqəylə cəzalanıb. Qurban Qurbanov baş hakim Elçin Məsiyevə narazılığını bildirdiyinə görə, sarı vərəqəylə cəzalanıb. Oyunun sonlarında epizodlardan birində referiyə yenidən etiraz etdiyi üçün Qurban Qurbanova ikinci sarı, qırmızı kart göstərilib.