Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Supersport.Az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) turnirdə qızıl medal qazanıb və karyerasında 3-cü dəfə dünya çempionu olub.
O, finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gəlib.
Bundan əvvəl E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionu olmuşdu.
3️⃣ qat dünya çempionu Eldəniz Əzizli fikirlərini bölüşüb:
“Bütün Azərbaycan idman ictimaiyyəti bilirdi ki, mən 3-cü dəfə dünya çempionu olmağı necə istəyirdim. Allaha həmd olsun. Müstəqillik tarixində yunan-Roma güləşində 3 qat dünya çempionumuz yox idi. Məhəddin Allahverdiyev 80-ci illərdə SSRİ adından 3 dəfə dünya çempionu olmuşdu. Bu il çox işlədik, əziyyət çəkdik. Müəyyən zədələrim var idi. Buna baxmayaraq, 3-cü dəfə dünya çempionu ola bildim. Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm. Biz burada qalib gəldik, onlar isə orada. Əlbəttə, sinəmdəki zədə mənə çətinlik yaradırdı. Sümüyüm sınmışdı. Tam bərpa olunmasam da, yenə də bacardıq. Rəbbim bu qələbəni mənə nəsib etdi. İnşallah, 4-cü dəfə dünya çempionu olmağa çalışacağam”.