Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (İSSF) baş katibi Villi Qrill Azərbaycanda keçirilən dünya çempionatının təşkilatçılıq baxımından birinci olduğunu bildirib.
“Azərbaycan elə təşkilatçılıq etdi ki, dünya çempionatı çətin ki, bir də bu səviyyədə keçirilsin.
Çox sayda dünya çempionatında və 9 olimpiadada iştirak etmişəm. Azərbaycan təşkilatçılıq baxımından birincidir. Burada 14 dünya rekordu vuruldu. İndiyə qədər mundiallarda bu qədər rekord olmamışdı. Eyni zamanda olimpiadaya 48 lisenziya verildi ki, bu da böyük nailiyyətdir”.
Villi Qrill yarışın mükəmməl keçirildiyi fikrindədir:
“Buna görə Azərbaycan hökumətinə, Azərbaycan Atıcılıq Federasiyasına təşəkkür edirəm. Bu, bir nəfərin yox, ümumi komandanın işinin nəticəsidir. Federasiyanın baş katibi Emin Cəfərovun fəaliyyətini xüsusi vurğulamaq istərdim. O, mənim dostum yox, qardaşımdır, bizə çox kömək etdi. Eyni zamanda könüllülərə təşəkkür edirəm. 30 illik karyeram ərzində gördüyüm ən fəal könüllülər idi. Azərbaycanda, doğma ölkəmdə bağlanış mərasimini etmək mənim üçün çətin oldu”.
O, media nümayəndələrinə də təşəkkür edib:
“Sizin burada olmağınız yarışın işıqlandırılması və idman atıcılığının inkişafı baxımından çox vacibdir”.