Supersport.Az məlumat verir ki, Azərbaycan bayrağını təhqir edən 3 erməni futbolçu “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən saxlanılıb.
Həmin şəxslər 2021-ci ildə Azərbaycan bayrağını təhqir ediblər.
İki il əvvəl Kütləvi İnformasiya Vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçuların Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.
Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Azərbaycan tərəfi dəfələrlə qanunpozuntuları törətmiş ermənilərin bağışlana biləcəyi ilə bağlı humanist açıqlamalar verib.
Azərbaycan Baş Prokurorluğunun avqustun 28-də yaydığı məlumatda deyilir ki, saxlanan şəxslər barəsində beynəlxalq axtarış elan edilmişdi.
Qurumun məlumatında bildirilir ki, Laçın sərhəd-keçid məntəqəsində saxlandıqdan sonra istintaqa cəlb edilən şəxslər dindirmə zamanı “törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini” bildiriblər.
Baş Prokurorluq “təqsirləndirilən şəxslərin yaşını, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmalarını” nəzərə alıb və “humanizm prinsipi tətbiq edərək onların barəsində cinayət təqibinə xitam verib”, – qurum açıqlayıb.
Cinayət işinə xitam verilsə də, Baş Prokurorluq hesab edib ki, saxlanan şəxslər Azərbaycanın müvafiq qanunu qadağan etdiyi halda, “milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanı müxtəlif sosial şəbəkələrdə yayıblar”.
Buna görə də saxlanan şəxslər İnzibati Xətalar Məcəlləsinin İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə inzibati məsuliyyətə cəlb olunublar, Baş Prokurorluq bildirib.
Qurumun açıqlamasına görə, erməni futbolçular məhkəmə qərarı ilə 10 gün müddətinə inzibati həbs olunublar.
Baş Prokurorluq bildirib ki, həbs cəzası bitdikdən sonra həmin şəxslər ölkəni tərk edə biləcəklər.