AFFA-da maliyyə yeyintisi davam edir: Yağlı tikələri kimlər yeyir?

AFFA-da maliyyə yeyintisi davam edir: Yağlı tikələri kimlər yeyir?
Futbol, Eksklüziv
01 Avqust 2022 - 22:46

AFFA-da ədalətsizliyi, özbaşınalığı, şəxsi maraqlarını üstün tutanların əməlləri tükənmir.


Qurumda illər ərzində milyonlar havaya sovrulub, kimlərinsə cibləri dolub, futbolumuz xarabalığa
çevrilib, can verir.


AFFA-nın keçmiş baş katibi, icraçı vitse-prezidenti Elxan Məmmədov Fransanın paytaxtı Parisə qaçsa da, ölkəmizdə biznesindən, qazancından qalmır. Biabırçılıq burasındadır ki, o, dövlət tərəfindən futbola ayrılan milyonları dağıtmaq planını müxtəlif yollarla həyata keçirməyə çalışır.


Elxan Məmmədov FİFA-da çalışmağına baxmayaraq, maddi maraqlarını üstün tutmaqda davam edərək, bəzi dost-tanışları, qohumları, AFFA-dakı kadrlarının hesabına büdcəsini zənginləşdirir.


Azərbaycanın əksər stadionlarına nəzarəti Məmmədovun adamlarının etdiyinin və bundan da qazanclar əldə etdiyi çoxlarına yaxşı məlumdur.

AFFA-nın büdcəsində qurumun balansındakı idman qurğularına hər il 10 milyon manata yaxın vəsait
ayrılması göstərilib.


Bütün milli komandaların xaricə səfərlərini, toplanışlarını E.Məmmədovun şirkətinin təşkil etdiyi
haqda da xəbərlər dolaşır.


Futbol qurumunda aparılan maliyyə yoxlamalarının nəticəsinə əsasən, dövlət klublara ayrılan illik vəsaiti AFFA-nın yox, Gənclər və İdman Nazirliyinin vasitəsilə həyata keçirməyi qərara alıb. Bununla belə E.Məmmədov futbol üçün nəzərdə tutulan pulların hesabına sərmayəsini artırmaq niyyətindən əl çəkmək fikrində deyil.


Tədbirlərin təşkilində də futbolumuzun inkişafına mane olan şəxsin kadrları planlarını yerinə yetirməkdədir.


AFFA-nın bugündən başlayaraq Elxan Məmmədova məxsus olduğu bildirilən otellərdən birində 60 nəfərdən ibarət heyət üçün tədbir təşkil etməsi faktı da bunun bariz nümunəsidir. Üç gün müddətində hakimlərin toplanışına qurum 30 min manat xərcləyəcək. Bununla dövlətin futbola ayırdığı pul yenə Məmmədovun cibinə axacaq. Əslində qısa müddətdə belə toplanışın keçirilməsi səmərəsizdir, digər tərəfdən, belə tədbiri heç bir xərc çəkmədən AFFA-da təşkil etmək olardı.  
Bu acınacaqlı vəziyyətə nə vaxt son qoyulacaq?


Mübariz

Digər xəbərlər