Qurban Qurbanov: "Bu, möhtəşəm dövlətimizin zəfərinin yanında kiçik uğurdur" - Video

Qurban Qurbanov: "Bu, möhtəşəm dövlətimizin zəfərinin yanında kiçik uğurdur" - Video
Futbol, Eksklüziv, Video
05 Noyabr 2021 - 10:47
Supersport.Az UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda Qazaxıstanda "Kayrat"ı məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda fikirlərini videogörüntüyə alıb.

Təcrübəli mütəxəssis, yeni tarix yazmalarının dövlətimizin zəfərinin yanında kiçik uğur olduğunu bildirib.


- Zəfər gününün 1 illiyi ərəfəsində "Qarabağ"ı pley-offa daşıyan uğur yerinə düşdü. Təəssüratlarınızı eşitmək maraqlıdır.

- Gecənin bu saatında komandamıza dəyər verib bura gəldiyiniz üçün sizə təşəkkür edirəm. Çox gərgin oyun oldu. "Kayrat" meydana yalnız və yalnız qələbə üçün çıxmışdı. Əks halda şanslarını itirəcəkdilər. Belədə, biz onlardan daha çox istəkli olmalıydıq. Şükürlər olsun, minimum vəzifənin öhdəsindən gəlməyi bacardıq. Çox sevincliyəm.
Qələbə münasibəti ilə azarkeşlərimizi, bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, möhtəşəm dövlətimizin möhtəşəm zəfərinin yanında kiçik nailiyyətdir. Əsas odur ki torpaqlarımızı qaytardıq, xalq olaraq daha da gücləndik. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Onların etdiklərinin yanında bizim etdiyimiz cüzi bir şeydir.

- Oyundan sonra Kurban Berdiyevlə söhbətiniz oldu?

- Elə bir ciddi söhbətimiz olmadı. Sadəcə, qələbə münasibətilə təbrik edib, uğurlar arzuladı. Mən də həmçinin onlara uğurlar arzuladım.

- Oyun günənə qədər Abdullah Zubirin meydana çıxması sual altındaydı. Nə baş vermişdi, sonda nə oldu?

- Bildiyiniz kimi, "Neftçi"ylə oyunun sonlarında zədəyə görə Zubiri meydandan çıxarmışdıq. Ayağında ağrılar var idi. Sonrada məlum oldur ki, yorğunluğun fəsadıdır. O cür matçların ağırlığı futbolçularda yorğunluq, mikrozədələr yarada bilir. Ayağında qıcolma var idi deyə, həkimlər narahat idi. Şükürlər olsun, ayağındakı ağrıları hiss etdirmədən komandaya kömək etdi.

- Qrup liderliyini qorumaq mümkün olacaq?

- Bunun üçün çalışacağıq. "Omoniya" ilə Bakıdakı növbəti matçda azarkeşlərimiz üçün baxımlı futbol nümayiş etdirmək niyyətindəyik. Daha yaxşı uğur üçün şansımız varsa, sona qədər mübarizə aparacağıq.

- Zəfərin ardından futbolçularla xüsusi şəkildə görüşdüz. Sanki bu qələbənin dadı başqadır.

- Hər zəfərin öz dadı var. Ölkəmizin müstəqilliyindən bu yana belə uğur olmamışdı. Bu gün Allah bunu bizə nəsib edibsə, buna görə çox şadıq. Oyundan sonra futbolçularımın hər birini bağrıma basıb, təşəkkür etdim. Azərbaycanlı futbolçularda özünəinamın formalaşması üçün bu cür qələbə və oyunlar çox vacibdir.

- Ölkə və klub tarixindəki ilkə görə məşqçi-futbolçu heyəti üçün xüsusi mükafat məbləği nəzərdə tutulub?

- Mükafatımız həmişə var, istər daxili çempionatda olsun, istərsə də avrokuboklarda. Bundan narazılığımız yoxdur. Futbolçular layiqincə mükafat alırlar. Təbii ki, bu qələbənin də mükafatı olacaq. Dediyim kimi, qarşıda bizi vacib oyunlar gözləyir.

Digər xəbərlər