Supersport.Az xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirinin qalibi olub.
Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ilk qarşılaşmada İsrail cüdoçusu Yehonatan Elbazı, daha sonra moldovalı Petru Pelivanı məğlub edərək dörddəbir finala adlayıb. Bu mərhələdə rumıniyalı Aleksandru Raykuna qalib gələn idmançımız yarımfinalda rusiyalı Maxmadbek Maxmadbekovu məğlubiyyətə uğradaraq finala yüksəlib. Hidayət Heydərov həlledici qarşılaşmada moldovalı Viktor Sterpuya ipponla qalib gələrək mötəbər yarışın qızıl medalına sahib olub.
Turnirdəki digər təmsilçimiz Məmmədəli Mehdiyev (90 kq) mübarizəyə sentyabrın 26-da qoşulacaq. Onun ilk görüşdə rəqibi Sebastian Oldak (Polşa) – Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq.
Xatırladaq ki, üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı bacarığını nümayiş etdirir.