“AFFA komanda sayının 10-a yüksəldilməsini istəyir” – Elxan Məmmədov

“AFFA komanda sayının 10-a yüksəldilməsini istəyir” – Elxan Məmmədov
Futbol
13 Sentyabr 2021 - 19:42


“8 komandanın iştirakı ilə keçirilən Azərbaycan Premyer Liqasında idman rəqabəti qənaətbəxş səviyyədə olsa da, AFFA və Peşəkar Futbol Liqası komanda sayının 10-a yüksəldilməsini istəyir”. 

Supersport.Az-ın xəbərinə görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gənclər və İdman naziri Fərid Qayıbovla AFFA-da keçirilən görüşdə bildirib. O deyib ki, maliyyə resurslarının çətinliyi ucbatından müvafiq şərtlərə uyğun gələn klubların olmamasına görə komanda sayını artırmaq mümkün olmur: “Bununla belə, Premyer Liqaya yüksələ biləcək potensial klubların fəaliyyətini təmin etmək üçün AFFA Birinci Divizionda çıxış edən bir neçə klubu – “Kəpəz” (Gəncə), “Turan-Tovuz” və “Zaqatala” – tam olaraq maliyyələşdirir”.

Qeyd olunub ki, komanda sayının artması Azərbaycan Premyer Liqasında daha güclü rəqabətə, yeni futbolçuların üzə çıxması üçün geniş potensiala və peşəkar futbolun coğrafiyasının genişlənməsinə səbəb olardı.

Elxan Məmmədov uşaq və yeniyetmə futbolu ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə AFFA tərəfindən liqalar təşkil olunur və bu liqalarda Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin nəzdində olan uşaq futbol məktəblərinin komandalarının da nəqliyyat xərclərini AFFA ödəyir. Üstəlik, müəyyən oyunlar Olimpiya İdman Komplekslərinin meydanlarında keçirilir ki, bunun da müqabilində icarə haqqı AFFA-nın hesabına təmin olunur və AFFA Gənclər və İdman Nazirliyinin bu istiqamətdə dəstəyindən minnətdar olardı.


Digər xəbərlər