“Neftçi”ni məğlub etməyə çalışacağıq” - Kaxaber Sxadadze

“Neftçi”ni məğlub etməyə çalışacağıq” - Kaxaber Sxadadze
Futbol
06 İyul 2021 - 21:00
“Dinamo”nun baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Neftçi” ilə oyunundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Supersport.Az xəbər verir ki, o, konfransa bu sözlərlə başlayıb:

- Əziz dostlar, hörmətli müxbirlər, xüsusən də Azərbaycandan gələnlər, hamınızı salamlayıram. Sizi burada görmək xoşdur. Azərbaycanda 8 il çalışmışam və gözəl xatirələrim qalıb. O dövrlər mənim üçün əzizdi, orada yaxşı vaxtlar keçirdik. Çox şadam ki, biz bir aradayıq. Təbii ki, qarşıdakı oyun hər iki tərəf üçün vacib matçdır.

-  Klubun rəhbərliyi bildirib ki, “Neftçi”yə uduzmaq faciə olmaz. Siz nə fikirləşirsiniz?

- Hər bir oyun komanda üçün vacibdir, mühümdür. Biz də sabah udmağa çıxacağıq.

- Komandanı gücləndirmək istəyirsiz? Gənclərə şans verəcəksiniz?

- Bütün gənclərə fürsət və şərtlər yaradılmalıdı ki, onlar bacarıqlarını göstərsinlər. Bunun üçün də komanda gənclərə şərait yaradacaq.

- Transferlərlə bağlı fikirləriniz nə yerdədi? Olacaq yeni transferlər?

- İndi elə dövrdür ki, transfer haqda düşünürük. Amma təbii ki, transferlər maddiyyatla bağlı olduğuna görə ehtiyat edirik. Əsas fikirlər də azad agentləri gətirməyə yönəlir. Komandaya yeni oyunçu cəlb edilib. Adını çəkməyəcəyim bir oyunçu başqa komandaya getdi. Başqa oyunçu ilə də danışmışdıq, tibbi baxışı keçə bilmədi, alınmadı.

- Komandaya gələndə büdcəni müzakirə etməmişdiniz ki?

- Təbii ki, büdcə ilə maraqlanmışdım. Sadəcə ilin ortasında gəldiyimə görə mövcüd olan büdcəni qəbul edib uyğunaşmalıydım. İşlər onun üzərində qurulmalıydı. Məni bəziləri bəyənmir, bu heç nəyi dəyişmir. Komandanın yaxşılığı üçün əlimdən gələni edəcəm.

- “Neftçi” və “Dinamo”nu necə müqayisə edərdiniz? Hansı komanda üstündür?

- “Neftçi”ni gözəl və yaxşı tanıyıram. “Neftçi” oturuşmuş komandadır, yüksək səviyyəli oyunçuları var, oyunları oturub. Ona görə də sabah oyunları yüksək səviyyəli olacaq. Öz komandmın uğuru üçün əlimizdən gələni edib, “Neftçi”nin qarşısını alıb, zəif cəhətlərindən istifadə edib qələbə üçün oynayacağıq.

- Adınız tez-tez klublarımızla hallanır. Hətta bir ara “Neftçi” ilə adınız hallanırdı. Bəs, sizin dövrdəki çempionatımızla bugünkü çempionatımız arasında hansı fərqləri görürsünüz? 

- Mən Azərbaycanda çalışdığım dövrdəki çempionatın səviyyəsi yüksək idi. Həmin dönəmdə 5-6 yüksək büdcəli, yüksək səviyyəli klublar var idi. Hansı ki, çempionluq uğrunda mübarizə aparırdı. “Neftçi” də hər zaman çempionluq üçün mübarizə aparıb. Samir Abasov baş məşqçi təyin olunandan sonra, uzun illərin ardından çempion olub, “Qarabağ”ın hegemonluq dövrü bitdi. Keçmişlə indiki liqanı müqayisə edə bilmərəm. Çünki liqa ilə yaxından tanış olmaq lazımdır. Mən isə o liqada iştirak etmirəm. Sadəcə indiki rəqibimiz “Neftçi”dir deyə, onları araşdırmışıq.

- “Neftçi”ni yaxşı tanımağınız sizin üçün üstünlük yaradır? 

- Azərbaycanda işləməyimin üstündən 6 il keçib. Geridə qalan illərdə “Neftçi”də məşqçilər, rəhbərlik, futbolçular, oyun stili dəyişib. Orada işləməyim heç nəyi dəyişmir. Onlar güclənib, oturuşmuş oyun oynayırlar. Yəni bizim üçün üstünlük deyil. Komandamız çox ağır dönəm yaşayır. Dörd gündən bir oyun keçiririk, bir dəfə məşq etmək vaxtımız var idi. Eyni anda daxili liqada, ÇL-də oynamaq çox ağırdır, hazırlıq üçün vaxtımız çox azdır. Amma əlimizdən gələni etdik. Biz xahiş etdik ki, bir oyunumuz təxirə salınsın, ÇL üçün yaxşı hazırlaşaq. Təəssüf ki, təxirə salınmadı. Hazırlıq üçün vaxtımız az oldu. “Neftçi”ni yaxşı araşdırmışıq. Əslində, onların oyunu bizim oyuna çox bənzəyir. Üç müdafiəçi ilə oynayırlar, fərdi keyfiyyətləri yüksək olan oyunçular var. Sabahkı oyun çətin olacaq.

- Formatdan narazısınız, yoxsa vaxta görə tənqid etdiniz?

- Hər dörd gündən bir oyunun keçirilməsi fiziki olaraq problem deyil. Sadəcə hər futbolçunun vaxtı var ki, enejini bərpa eləsin. Bir ay içində 6 oyun keçirmişi. Yeni baş məşqçi oyun fəlsəfəsini çatdırmalıdır. Sıx oyunların keçirilməsi nəticə əldə etmək üçün çətindir.

- “Neftçi”də sizə tanış olan üç futbolçunuz olub – Samir Abasov, Voyislav Stankoviç və Sezar Meza Kolli. Onlar haqda hansı fikirdəsiniz?

- Onları çox yaxşı tanıyıram. Samir Abasovun “Neftçi”nin çempion olmasında böyük payı var. Onun gəlişi “Neftçi”nin çempionluğunda xüsusi rol oynadı. Samir Abasov qoşulmamış “Neftçi”nin "Qarabağ"la şansı yox idi. Amma sonradan başqa cür oldu. Nəticəni də gördük. Voyislav Stankoviç də aparıcı futbolçudur, gözəl oyunçudur. Bizim dönəmimizdə “İnter”ə qoşulmuşdu. Elə liderliyi nəticəsində də “Neftçi”yə qoşuldu. Hər üç oyunçu da uğurlu futbolçulardır. Onların təcrübəsi sabahkı oyunda təsirini göstərəcək. Bir vaxtı eyni komanda olmuşuq, sabah rəqib olacağıq.

- Sezar Meza Kolli ilə münasibətinizin yaxşı olmadığını futbolçu özü bildirib. Ona qarşı oyunla bağlı xüsusi planınız olacaq?

- Bunu haradan eşitmisiniz ki?

- Özü mətbuata açıqlayıb...

- Onun müsahibəsilə tanış olmuşam, əmin olacaqsınız ki, aramızda heç nə olmayıb.

Digər xəbərlər