Qurban Qurbanov: "Deyəcək çox söz yoxdur"

Qurban Qurbanov: "Deyəcək çox söz yoxdur"
Futbol
04 May 2021 - 21:27
Azərbaycan Premyer Liqasında XXV turun "Qarabağ" - "Zirə" oyunundan sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Supersport.Az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Deyəcək çox söz yoxdur. Futbolçulardan razı qaldım. Qol vurmaqda çətinlik çəkirik. Amma epizodlar yaradırıq. Sıx qrafikə görə futbolçular da əziyyət çəkir. Rəşada və "Zirə"yə uğurlar arzulayıram.

- Mahir Emrelinin adı xarici klublarla hallanır...

- Klub bununla bağlı açıqlama verib. Mahir yayda azaddır. Təklif birbaşa futbolçuya gələcək. Bəli, onun təklifləri var. Mahirlə qısa söhbətimiz oldu. Çempionat bitməmiş heç bir klubla masa arxasına oturmayacaq. Mövsümün sonunda fikirləşib doğru qərarı verər. Bizim ona təklifimiz olmuşdu. Özü də Avropaya çıxmaq istəyir. Mən də məşqçi kimi buna sevinərəm ki, daha səviyyəli çempionatda oynasın. Biz yenə təklifimizi edəcəyik, razılaşmasaq, yolu açıq olsun.

- "Zirə"nin müdafiəçisi Nemanya Andelkoviç transfer hədəfinizdədir?

- Oyununu bəyənə bilərəm, amma belə məsələ yoxdu. Hətta olsa da, deməyim düz olmaz. Müdafiəçi kimi çıxışını bəyənirəm.

- Sayılmayan qol epizodu barədə nə deyə bilərsiniz?

- Hakimlər qərarları düzgün verir. Fikir bildirməyim düz çıxmaz. Meydanda olubsa, artıq baş verib.

- "Qarabağ"ın ən ağır mövsüm keçirdiyini düşünürsünüz?

- Bu il statistikaya baxsaq, bizim üçün çətin dövr oldu. Zədəli futbolçularımız çoxdur. Bu gün Şahruddinin sümüyü sındı. Həddindən artıq zədəli oyunçular oldu. Buna baxmayaraq, ayaq üstə duracağıq və sona qədər mübarizə aparacağıq. Heyət baxımından, bəli, az futboıçumuz var. Ancaq gənclərimiz də çoxdur. Bu da onlar üçün faydalıdır. Buna sevinirəm. Tural, Elvin, İsmayıl artıq böyük oyunları hiss edirlər. Komandanın yaradıcılığından razıyam.

- Hegemonluğunuzun başa çatması qorxusu varmı?

- Hegemonluq düşüncəsi məndə olmayıb. İşimə məsuliyyətli yanaşıram. İnsan daim sağlam olmaz, il ərzində nə vaxtsa xəstələnirsən. Futbol da belədir, daim çempion olmaq mümkün deyil. İngiltərədə "Lester Siti" böyüklərin mübarizəsində çempion olmuşdu. Futbolda belə şeylər olur. Ancaq bu o demək deyil ki, biz arxayınıq. Bu klubu bizə həvalə ediblərsə, sona qədər mübarizə aparacağıq.

- Emil Balayev son oyunlara hazırdır?

- Elə oyunçular var ki, az oynasalar da, zəif olmaları anlamına gəlmir. Hər dəfə dəyişiklik etmək olmur. Emilə güvənirik. Komandaya uyğunlaşaması üçün vaxt lazım idi. Artıq özünü rahat hiss edir.

- Çempion olsanız, Qarabağa gedib qeyd edərsiniz?

- Hər uğuru orada qeyd etməyə hazıram. İndi ora getmək asan deyil. Şəhərlərimiz tam bərpa olunar, İnşəAllah, gedərik.

- Bir az fasiləyə ehtiyacınız yoxdur?

- Həm psixoloji, həm də fiziki yorğunluq var. Desək ki, yoxdur, yalan olar. Elə futbolçular var ki, mənimlə birgə burdadır. Heç də asan deyil. İstər-istəməz komandaya yenilik lazım olur. Komandamız son vaxtlatda çox yüklənib. Ağır qrafikdəyik. Futbolçularıma məsuliyyətli olduqları üçün daim təşəkkür etmişəm.

Digər xəbərlər